Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin 144,4 milyon kubmetr təbii qazın itkiyə getməsi barədə məlumat hələ də xeyli vaxtdır müzakirə obyektidir. "Yeniavaz.com" saytının məlumatına görə, Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı növbəti dəfə məsələyə münasibət bildirib. Mirvari Qəhrəmanlı qaz itkiləri və onun yaranma səbəblərini açıqlayıb: "Azəriqaz" itkini əsasən qaz sızmaları və sovetdən qalma nasaz avadanlıqla əlaqələndirir. Bu avadanlıqların hələ də bu vaxtadək mövcudluğu və onlara xərclənmiş vəsaitlərin hara yönəldiyi sual altındadır. Mütəxəssislər qeyd edirlər ki, həmin miqdarda rayon ərazisində qaz sızması olsa, onda həmin rayon darmadağın olar".
İtkinin səbəblərinə gəlincə, M. Qəhrəmanlı bunları qeyd edib: "Qaz uçotu işinin düzgün qurulmaması; böyük, iri muəssisələrə uçotsuz qazın ötürülməsi; sayğacların xarab olması".
M. Qəhrəmanlı iddia edib ki, əhali üçün quraşdırılan əksər "G-4" markalı qaz sayğacının istismar müddəti 5 ildir, faktiki isə əhalinin istifadəsində olan sayğacların 70 faizdən çoxu 6 ildən yuxarıdır ki, quraşdırılıb: "Qaz emal olunmamış vəziyyətdə ötürüldüyündən sayğacın sərfi qeyd edən diafraqmaları tozdan zir-zibildən tutulduğundan çoxusu sərfi qeyd etmir, hansı sayğacı açsan, onun içindən zir-zibil töküləcək. Cari təmir işlərinin ümumiyyətlə aparılmaması; böyük sayğaclarda - "G-250", "G-400", "G-1600" qaz itir. İmplus deyilən bir şey var, onu açıb götürürlər. Bu halda sayğac sərfiyyatı qeyd etmir. Bunu əsasən parniklərdə, böyük sənayə müəssisələrində edirlər. Sonra isə sənədləşdirirlər ki, müəssisə fəaliyyətini dayandırıb".
Qaz itkisinin digər səbəblərinə gəlincə, QHT sədri bildirib ki, qazı sayğacın üzərində yazılan təzyiqlə vermək lazımdır ki, sərfiyyatı qeyd etsin: "Ancaq indi bu pozulur deyə sayğaclar da tamamilə səhv işləyir və keçən qazın sərfini qeyd etmir. Qazpaylayıcı stansiyalarda verilmiş texnoloji rejimlərə əməl olunmadıqda və bununla bağlı qaz axını üzrə stasionar rejim pozulduqda; sərf ölçən cihazların buraxma imkanı məhdudlaşdırıcıdan keçən qaz axınına uyğun olmadıqda, cari təmir sınaq, üfürmə, boşaltma və yükləmə işlərinin icra olunması, qaz kəmərlərinin torpağın aktivliyinin və azmış cərəyanların təsirindən güclü korroziyaya uğraması da qaz itkilərinin əsas səbəblərindən biridir. Bundan əlavə, qaz kəmərlərinin qaynaq birləşmələrində çat olduqda, bağlayıcı avadanlıqların kipliyi pozulduqda, qaz kəməri mexaniki zədəyə məruz qaldıqda da itkilər baş verir".
Mirvari Qəhrəmanlı bildirib ki, "Azəriqaz"ın kadr siyasəti, düzgün aparılmayan islahatlar, struktur dəyişiklikləri, "əvəzolunmaz" kadrlar, qeyri-peşəkarların vəzifəyə gətirilməsi, orada çalışan vəzifəli şəxslərin qohum şəbəkəsi ölkənin qaz təsərrüfatını ağır vəziyyətə salıb: "Bununla əlaqədar təşkilatımızın eksperti araşdırma aparır".