“Ölkə prezidenti tərəfindən bizə verilən mənzildə hazırda təmir işləri gedir və yaxın günlərdə iş yekunlaşacaq”.
"Yeniavaz.com" xəbər verir ki, bunu AzVision.az–a Milli Qəhrəman Çingiz Qurbanovun atası Salman Qurbanov deyib. S.Qurbanov bildirib ki, 1 həftə ərazində təmir işləri yekunlaşacaq: “Təmir işləri yekunlaşdıqdan sonra yeni mənzilə köçüb, orada yaşayacağıq”.
Qeyd edək ki, Çingiz Salman oğlu Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub.
Çingiz Qurbanovun nəşi Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb. Bakıda təntənəli vida mərasimi keçirildikdən sonra şəhid Ç.Qurbanov fevralın 6-da doğulduğu Qusar rayonunda dəfn edilib.
Fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi barədə Sərəncam imzalayıb.
Dövlətimizin başçısı fevralın 9-da Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşüb. Prezidentin göstərişi ilə Milli Qəhrəmanın ailəsinə Xətai rayonunda mənzil verilib.