Niderland və Türkiyənin baş nazirləri Mark Rutte və Binəli Yıldırım arasında telefon danışığı olub. “Yeniavaz.com”un “Habertürk”ə istinadən verdiyi məlumata görə, telefon söhbəti zamanı M.Rutte baş vermiş hadisələr ilə əlaqədar türkiyli həmkarına təəssüfləndiyini bildirib. Qeyd edilib ki, iki lider də gərginliyin azaldılmasının tərəfdarıdır.
Qeyd edək ki, 16 aprel referendumu ilə əlaqədar Niderlandda yaşayan türklərlə görüşmək istəyən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun bu ölkəyə uçuş icazəsi ləğv edilmişdi. Bu əngəldən sonra Türkiyənin ailə və sosial siyasətlər naziri Fatma Betül Sayan Kaya ölkənin Rotterdamdakı Baş konsulluğuna getmək üçün avtomobil yolu ilə Almaniyadan yola düşdü. Ancaq Niderlandın təhlükəsizlik qüvvələri nazirin yolunu kəsərək onun konsulluğun binasına girişinə icazə verməyib. Kobud münasibətlə üzləşən nazir bir neçə saatdan sonra Almaniyaya, ardından İstanbula qayıdıb.