Apteklərdə satılan ucuz dərmanlar təsirsizdir?

Bakı sakini dərmandan zəhərlənərək ölüb. Bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb. Belə ki, martın 10-da Xəzər rayonunun Mərdəkan qəsəbəsində yaşayan Elman Rəhimov dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb. Faktla bağlı araşdırma aparılır.

Hər gün olmasada belə xəbərləri tez-tez eşidirik. Səbəbləri isə hələ ki, bizə tam məlum deyil.

"Yeniavaz.com" xəbər verir ki, bir müddət öncə ekspert Akif Nəsirli apteklərdə satılan bir sıra ucuz dərmanların təsirsiz "poroşok" olduğunu iddia etmişdi: "Bunu mən artıq təcrübədə sınaqdan keçirmişəm. Sadəcə preparatın adını müstəqil loboratoriyada analiz etdirəndən sonra açıqlayacağam. Dərmanların müəyyən hissəsi saxtadı, təsirsiz "poroşokdu". Amma bunu sübut eləməyin də bir yolu yoxdur. Çünki ictimai nəzarət yoxdur. Müstəqil laboratoriyalar olmalıdı, vətəndaşın şübhələnəndə gedib dərmanı yoxlatmaq imkanı olmalıdır".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, ölkəmizdə qaçaqmal və təhlükəli, dövlət qeydiyyatına alınmadan satılan dərman biznesi çiçəklənir: "Ölkəmizə qaçaqmalçılıq yolu ilə gətirilən, heç bir dəvlət qeydiyyatına alınmadan, bəzən də narkotik tərkibli dərmanların saxlanma yerləri, Bakıda və rayonlarda satış şəbəkələri barədə istehlakçılardan alınmış məlumatlar əsasında 27.01.2017 tarixli rəsmi məktublarla Dövlət Gömrük Komitəsinə, Daxili İşlər Nazirliyinə, Səhiyyə Nazirliyinə məlumatlar verərək dövlət orqanlarını məlumatlandırmışam. Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarına təşəkkür edirəm. Qeydiyyatdan keçməyən, mənşəyi məlum olmayan dərman vasitələrinin satış şəbəkəsi, idxalçılar, gizli dərman depoları və s. barədə dövlət orqanlarına, o cümlədən bu quruma da məlumat vermişdim. Bu gün DİN-dən alınmış rəsmi cavab məktubunda bildirilir ki, bununla əlaqədar İskəndərov Kamil Razim oğlu Cinayət Məcəlləsinin 240.1 maddəsi ilə təqsirləndirilərək həbs olunub. Bu fakt bir daha sübut edir ki, ictimai nəzarət olarsa, ölkəmizdə bir çox neqativ hallara son qoyular! DİN-in bu işlə bilavasitə məşğul olmuş əməkdaşlarına təşəkkür edirəm. Qeyd edim ki, Gömrük Komitəsindən hələ də müraciətimizə cavab yoxdur".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top