Xarici borcumuz rekord səviyyəyə yüksəlib - CƏDVƏL

Maliyyə Nazirliyi 1 yanvar 2017-ci il tarixinə xarici dövlət borcu barədə məlumatı açıqlayıb. "Yeniavaz.com" Maliyyə Nazirliyinə istinadən bildirir ki, yanvar 2017-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 6 milyard 913,2 milyon dollar (mövcud məzənnə ilə 12 milyard 241,3 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 20,4% təşkil edib. Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib. Xarici dövlət borcu əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından ölkədə müxtəlif layihələrin maliyyələşməsinə, qalan hissəsi isə beynəlxalq maliyyə bazarlarından yerləşdirilmiş qiymətli kağızlar vasitəsilə cəlb edilib.

2008-ci ildən başlayaraq xarici borcun ÜDM-yə nisbəti yenidən artmağa başlayıb

Maliyyə Nazirliyinin açıqladığı statistik göstəricilərə istinadən apardığımız hesablamalar göstərir ki, son 14 il ərzində, yəni 2003-cü illə müqayisədə xarici dövlət borcumuz 4,8 dəfə artıb. Belə ki, 2003-cü ildə xarici borcumuz 1,575 milyard dollar səviyyəsində olub. Həmin il xarici borcun ÜDM-yə nisbəti 20% təşkil edib. Sonrakı illərdə xarici borcun məbləği davamlı olaraq artsa da, bu artım ÜDM-nin artım tempindən aşağı olduğu üçün ÜDM-yə nisbəti də azalıb. 2008-ci ildə xarici borcun ÜDM-yə nsbəti ən aşağı səviyyəyə 6,4%-ə düşüb. Lakin 2008-ci ildən başlayaraq xarici borcun ÜDM-yə nisbəti yenidən artmağa başlayıb. Hazırda isə qeyd etdiyimiz kimi, xarici borcun ÜDM-yə nisbəti rekord səviyyəyə yüksəlib.

Onu da qeyd edək ki, son il xarici borcların qaytarılması üçün büdcədən böyük məbləğdə vəsaitlər ayrılır. ötən ilin dövlət büdcəsindən xarici borclarımızı geri qaytarmaq üçün 1 milyard 249,7 milyon manat ayrılıb, bu ilin dövlət büdcəsindən isə 1 milyard 768,8 milyon manat vəsait ayrılacaq.

DİGƏR XƏBƏRLƏR

Top