Avtoqəzada həlak olan tələbələrin oxuduğu universitetdən REPORTAJ

Ötən gün səhər saatlarında Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəza bütün ölkəni sarsıtdı. “Ford- tranzit” markalı mikroavtobusun yük maşınına çırpılması nəticəsində baş verən qəzada 5 tələbə həlak oldu, 21 nəfər yaralandı.

Bu günə qədər dəfələrlə bu cür faciəli qəzaların şahidi olmuşuq. Lakin bu qəzanın ən sarsıdıcı məqamı faciə qurbanlarının hamısının tələbələr olması idi. Onlar Sumqayıt Dövlət Universitetində (SDU) təhsil alan 21 yaşlı gənclər - Çinarə Quliyeva, İbrahim Nəsibov, İbrahim Quliyev, 20 yaşlı Roza Muradova və Rəşad Canıyevdir.

Həyatlarının ən gözəl çağlarını, tələbəlik illərini yaşayan gənclər səhər evdən dərs üçün yola çıxdılar, az sonra cansız bədənləri ilə evə geri döndülər. Həlak olan tələbələrin qrup yoldaşlarının təəssüratlarını öyrənmək üçün paytaxt Bakıdan Sumqayıt Dövlət Universitetinə yollandıq.

Universitetə daxil olar-olmaz yaşanan hüznün şahidi olduq. Hər tələbənin, müəllimin üzündə, baxışlarında qəm-qüssə, kədər, faciənin təəssüratları var idi. Buna baxmayaraq tələbə və pedaqoqlar dərsin başlanmasına az qaldığı üçün siniflərə tələsirdilər. Universitetin foyesində universitet rəhbərliyi tərəfindən həlak olan tələbələrin fotoları qoyularaq, qarşısına qərənfillər düzülmüşdü. Siniflərə tələsən tələbələr bir anlıq fotoların qarşısında ayaq saxlayıb, onları anırmış kimi bir neçə dəqiqəlik sükuta dalırdılar. Hər ayaq saxlayan tələbədən onların kurs yoldaşı olub-olmadığını soruşurduq, onlar isə başları ilə “yox” cavabını verirdilər.

Qeyd edək ki, eyni qrup yoldaşları və adaş olan İbrahim Nəsibov və İbrahim Quliyev Fizika və Elektroenergetika fakültəsinin, Çinarə Quliyeva, Roza Muradova və Rəşad Canızadə isə Tarix və Coğrafiya fakültəsinin 3-cü kurs tələbələri olublar.

Nəhayət ki, ikinci mərtəbəyə qalxıb, Tarix və Coğrafiya fakültəsinin tələbələri ilə görüşə bildik. Hiss etdik ki, qəfildən 3 tələbə yoldaşını faciəli şəkildə itirən gənclər onlarsız sinfə girməkdə çətinlik çəkirdilər. Tələbə qızların dayanmadan göz yaşlarına hakim ola bilmədiyini görüb, oğlan tələbələrə yaxınlaşdıq.

Qəhərdən özünü güclə saxlayan Orxan Sadaylının dedikləri: “Nə danışaq axı... Dünəndən bütün universitet yas içindədir. Rəşad, Çinarə, Roza bizim qrup yoldaşımız idi. 3 il idi ki, bir yerdə idik, onlar bizim doğmamız, əzizimiz idi. Qəzada həlak olan uşaqların demək olar ki, hamısı rayonludur, deyəsən, bir nəfər Bakıdan idi. Rəşad Lənkərandan, Roza Cəlilabaddan, Çinarə isə Füzulidən idi. Müəllim-tələbə hərəmiz bir yasa getməyə çalışırıq. Bu gün və sabah da hüzr yerlərinə gedəcəyik. Sabah hamımız Füzulidə, Çinarənin yas mərasimində olacağıq. Universitetə, dərsə gəlmişik, amma burada qala bilmirik ki... Hüzr yerlərinə getməyə tələsirik…”

Orxanın sözlərinə görə, Roza Muradova nişanlı imiş, yaxın vaxtlarda toya hazırlaşırmış. Qəzada tanınmaz hala düşdüyündən onu barmağındakı üzükdən tanımaq mümkün olub: “Qrupumuzun və ümumilikdə universitetin əksər tələbələri Bakıdan gəlir. Həmin gün bizlərdən bəziləri qəza törədən mikroavtobusun arxasınca gələn avtobusda idik. Xəstəxanada onları ilk tanıyan mən oldum. İçəri görən kimi Çinarəni, İbrahimi tanıdım. Roza isə tanınmaz hala düşmüşdü, onu nişan üzüyündən tanıya bildik. Orada bir oğlan da var idi, onu tanıya bilmədim. Sonradan məlum oldu ki, o, Rəşaddır”.

Qeyd edək ki, yayılan rəsmi məlumatlarda bildirilirdi ki, Rəşad Canıyev qəza nəticəsində ağır kəllə-beyin travması aldığından xəstəxanaya yerləşdirilib. Lakin görülən tədbirlər nəticəsiz olub və tələbə xəstəxanada dünyasını dəyişib. Tələbə yoldaşlarının sözlərinə görə, Rəşadın atası ötən il rəhmətə gedib. Hazırda anası və bacısı tək qalıb.

Eyni qrup yoldaşları olan İbrahim Nəsibov və İbrahim Quliyev isə hadisə yerindəcə həlak olublar. Həmin tələbələrin qrup yoldaşları ilə görüşmək fürsətimiz olmasa da, onları tanıyan bir neçə tələbə ilə söhbətləşdik. Deyilənə görə, öz zarafatcıl xüsusiyyətinə görə çoxlarının sevimlisinə çevrilən İbrahim Nəsibov qaydasız döyüş idmanı ilə məşğul olurmuş.

Ötən gün Cəlilabadda son mənzilə yola salınan gəncin bibisi isə yeniçağ.az saytına açıqlamasında bildirib ki, onun ölüm xəbərini atasına telefonundan götürülən nömrə vasitəsi ilə çatdırıblar: "İbrahim qəzada öləndə telefonu yerə düşübmüş. Onun telefonundan atasını yığıb, deyiblər ki, balanın vəziyyəti ağırdır, tez gəl. Atası şok keçirib. İndi biz onu maşınla rayona dəfn etməyə aparırıq. Bu elə bir dəhşətdir ki, bu faciəni ömür boyu unutmarıq. İbrahim elə oğul idi ki, onunla bütün rayon fəxr edirdi. Hündür, yaraşıqlı, ağıllı oğlan idi. Universitetdə hamı onun ağlından-kamalından danışırdı. Dünən bizə gəldi, çimdi, dedi-güldü, zarafatlaşdı. Dedi ki, bibi, martın 14-də axır çərşənbəni sizinlə keçirəcəm, bayramı isə atamın yanında, rayonda olacam. Mən daha onun yolunu gözləməyəcəm. Qardaşımın balası bizi həmişəlik tərk etdi”.

Tələbələri sevindirən yeganə xəbər isə qəzada yaralanan Aytən Quluzadə adlı tələbənin hazırda vəziyyətinin yaxşı olması idi. Ötən gün həmin tələbənin vəziyyətinin yaxşı olmadığı bildirilirdi, hətta sosial şəbəkələrdə onun adı həlak olan tələblərin siyahısında çəkilirdi.

Tələbələrlə sağollaşıb ayrılırdıq ki, dərs zəngi çalındı. Zəngin melodiyası isə məşhur “Tələbə” mahnısı idi: “Sızlar yada düşəndə, Ürəyimin telləri…” Dünyasını dəyişən yoldaşlarının xatirələri ilə bağlı sızıltı isə uzun illər bu tələbələrin yaddaşından silinməyəcək.

Beləcə universitetdən ayrılıb, paytaxt Bakıya yollandıq. Kiçik mikroavtobusa əyləşib, son dayanacaq kimi metronun “20 Yanvar” stansiyasının yaxınlığına çatdıq. Hansı ki, Bakı-Sumqayıt istiqaməti üzrə marşrutların əksəriyyəti bu ərazidə fəaliyyət göstərir.

Qeyd edək ki, hadisə eyni zamanda bir məsələni yenidən gündəmə gətirmiş oldu, Dövlət Avtomobil Nəqliyyat Xidmətinin yaydığı məlumata görə, həmin mikroavtobus Bakı-Sumqayıt istiqamətində qeyri-qanuni olaraq, fəaliyyətdə olub.

Maraqlıdır, bəs niyə aidiyyatı qurumlar bu günə qədər bu barədə ciddi tədbirlər görməyib? İllərlə Bakı-Sumqayıt istiqamətində işləyən avtobus və ya mikroavtobusların əksəriyyəti qurumların gözü qarşısında metronun “20 Yanvar” stansiyasının yaxınlığından start götürürlər. Halbuki lisenziyalı marşrutlar Bakı Avtovağzalından hərəkət edir. “Qəzadan sonra “20 Yanvar” metrostansiyasının yaxınlığında avtobus və mikroavtobusların fəaliyyətinə qadağa qoyulub” deyilsə də, şahidi olduq ki, sürücülər yarı gizlin, yarı aşkar yenə də öz bildikləri kimi fəaliyyətdədirlər.musavat.com

DİGƏR XƏBƏRLƏR

Top