Dollarla verilən kreditlər daha çox geri qayıtmır

Ölkəmizdə fəaliyyət göstərən banklar tərəfindən bu ilin fevral ayının ilk gününə kimi ümumilikdə 16 milyard 705,2 milyon manat kredit verilib. Son bir ayda banklar tərəfindən verilən kreditlərin həcmi 1,6% və ya 260,6 milyon manat artıb. "Yeniavaz.com" Mərkəzi Bankın (MB) açıqladığı sonuncu statistik göstəricilərə istinadən bildirir ki, bankların kredit qoyuluşları xarici valyutada verilən kreditlər hesabına artıb. Belə ki, son bir ay ərzində bu növ 516,9 milyon manat artaraq 7 milyard 781,4 milyon manatdan 8 milyard 298,3 milyon manata yüksəlib. Eyni dövrdə, milli valyutada verilən kreditlər 256,3 milyon manat azalaraq 8 milyard 663,1 milyondan 8 milyard 406,8 milyon manata enib. Milli valyutada verilən kreditlərin 8,8%-i və ya 738,9 milyon manatı, xarici valyutada verilən kreditlər isə 10,7%-i və ya 894,2 milyon manatı vaxtında geri qaytarılmayıb.

MB-dən açıqlanan statistik göstəricilərdən belə görünür ki, milli valyuta ilə verilən kreditlər üzrə vaxtında qaytarılmayan (problemli) kreditlər son bir ay ərzində 8,2% və ya 56,4 milyon manat artıb. Lakin xarici valyuta ilə verilən kreditlər üzrə vaxtında qaytarılmayan (problemli) kreditlər isə son bir ay ərzində 13,1% və ya 104 milyon manat artıb.

Ümumilikdə isə vaxtı keçmiş kreditlərin həcmi 1milyard 633,1 milyon manat təşkil edib. Bu, əvvəlki ayla müqayisədə 10,9% və ya 160,5 milyon manat çoxdur. Son bir ildə isə problemli kreditlər 24,23% və ya 318,5 milyon manat artıb.

Qeyd edək ki, bu il fevralın 1-nə problemli kreditlər ümumi kredit portfelinin 9,78%-ni təşkil edib. Bu nisbət ilin əvvəlində 8,96%, 2016-ci il fevralın 1-də isə 6,20% olub.

DİGƏR XƏBƏRLƏR

Top