"Kim necə başa düşür, elə də məlumat yayır" - Psixoloq şərhi

Səhər saatlarında yəqin ki, insanların çoxu televiziyaya baxır. Adətən, bəzi telekanallarımızda yayımlanan verilişlərdə efirə verilən xəbərlər isə insanın ovqatını yumşaq desək, təlx edir. Maraqlıdır ki, belə verilişlərə baxanlar da kifayət qədərdir.

Dünən axşam saatlarında telekanallarımızın birində həmin verilişlərdən birinin anonsunu gördüm. Anonsda stomatoloji klinikalara gedən vətəndaşlara ehtiyatlı olmaq tövsiyə edilirdi. Bildirilirdi ki, ölkələrin birində stomatoloji klinikaya gedən gedən şəxsin üzünə virus düşüb və üz dərisi çürüyür. Anonsda səhər (yəni bu gün) verilişində bu barədə ətraflı məlumat veriləcəyi bildirilirdi. Bəlkə də burada məqsəd həqiqətən də insanları maarifləndirməkdir. Ancaq niyə məhz üz dərisi çürüyən insanı efirə verməlisən? Axı səhəri bu sujetə baxmaqla açan və günə bu xəbərlə başlayan insanın aldığı təsir heç də yaxşı olmayacaq? Olmazmı insanlar daha yumşaq bir metodla maarifləndirilsən? Belə faktlar kifayət qədər çoxdur və sadalamaqla bitməz. Bəs mütəxəssislər bu barədə nə düşünürlər?

"Bunu açıb-ağartmaq insanları maarifləndirməyə gətirib çıxarmır"

Psixoloq Elnur Rüstəmov "Yeniavaz.com" saytına açıqlamasında mövzunu belə şərh etdi: "Ümumiyyətlə, səhər saatlarında və axşam vaxtı, yəni 8-9-dan, lap 10-dan sonra kriminal tipli xəbərlərin efirə verilməsi tövsiyə olunmur. Hətta bir çox Avropa ölkələrində bu rəsmi şəkildə qadağan olunur. Çünki buna baxan uşaqlar var, eyni zamanda böyüklərin də ruh halına pis təsir göstərir, bunlar tövsiyə edilmir. Çox yaxşı olardı ki, məsələn, səhərlər və axşamlar daha çox insanların əylənə biləcəyi verilişləri efirə versinlər ki, insanlar normal yata bilsinlər, əhvalları yaxşı olsun".

Elnur Rüstəmov deyir ki, səhər insanları gümrah olmağa çağıran, həyata bağlayan süjetlərin, mövzuların olması çox yaxşı olardı: "Bu, insanların psixoloji durumuna yaxşı təsir göstərərdi. Kriminal hadisələr zatən həmişə var, bunu açıb-ağartmaq insanları maarifləndirməyə gətirib çıxarmır, əslində digər problemlərin yaranmasına səbəb olur. Ona görə də bu cür verilişlərdən, məlumatlardan qaçmaq lazımdır".

Həssas insanlar nəzərə alınırmı?

Elnur Rüstəmovun sözlərinə görə, bu cür verilişlər həssas insanlara pis təsir göstərir: "Bəzən qurunun oduna yaş da yanır. Bu cür məlumatlar lap maariflənmə məqsədilə veriləcəksə belə çalışılmalıdır ki, hökm qəti şəkildə verilməsin. Əksi olanda insanların ruh halı pisləşir. Nevrotik pozuntusu olan insan fikirləşir ki, efirdə gördüyü hansısa bir dəhşətli xəstəlik ondada ola bilər. Düşünür ki, mən filan vaxtı klinikaya getmişdim, ondan sonra özümü pis hiss edirəm. Fikirləşir ki, bəlkə mənə də virus düşüb? Bax, belə-belə psixoloji problemlər artır. Ona görə də bu məsələdə son dərəcə diqqətli olmaq lazımdır. Bütün bunlar zaman keçdikcə psixoloji problemlərə gətirib çıxara bilər. Bu cür şeylərdən qaçmaq lazımdır. Daha çox müsbət, pozitiv verilişlərə, informasiyalara yönəlmək lazımdır".

"Bəzən dəhşətli hadisələrin də görüntüsü efirə verilir"

Psixoloq Azad İsazadənin isə mövzu ilə bağlı sualımıza münasibəti belə oldu: "Günün vaxtından asılı olmayaraq, belə məlumatlar sözsüz ki, senzuraya malik olmalıdır. Əsasən də şiddət, həyəcan, dəhşət yaradan görüntüləri ümumiyyətlə, qadağan etmək lazımdır. Bəzən dəhşətli hadisələrin də görüntüsü efirə verilir - hadisənin necə baş verməsi ilə bağlı. Bunu araşdırmaq, fikirləşmək lazımdır ki, psixoloji təsir baxımından məlumatlar hansı ardıcıllıqla efirə verilməlidir, ümumi xəbərlərin içərisində neçə faizi o məlumat olmalıdır. Bu tip məlumatlardan sonra gələn məlumatdan da çox şey asılıdır".

"Mütləq onun ardı ilə müsbət məlumatlar efirə verilməlidir"

Azad İsazadə hesab edir ki, bu cür məlumatları heç efirə verməmək də düzgün deyil: "Səhər-axşam məsələsində isə fərq ola bilər. Gecə vaxtı vermək bəlkə daha pisdir, çünki həssas insanların yuxusu pozula bilər, uşaqlar qorxa bilər və s. Sizin məntiqinizi qəbul edirəm ki, səhər insan günə təzə başlayır və ilk məlumatlar ona mənfi təsir edə bilər. Ancaq mən bir şeyi deyim ki, səhər tezdən adətən biz çox tələsirik və gələn məlumatları o qədər də qəbul etmirik, qavramırıq, dərindən dərk etmirik. Yaxşı olardı ki, bu cür məlumatlar böyük informasiyaların içində cəmi 3-5 faiz olsun. Mütləq onun ardı ilə müsbət məlumatlar efirə verilməlidir. Nə badə biz verilişi pis xəbərlə başlayaq və nə badə bu cür pis məlumatlarla bitirək. Tutaq ki, verilişin ortasında verilməlidir və o biri məlumatların içində itməlidir. Psixoloji təsirin prinsipləri belədir, təkcə məlumatın yox. Ancaq sözsüz ki, informasiya psixologiyası ilə məşğul olan insanlarla bu barədə məsləhətləşmək, onların fikirlərini öyrənmək pis olmazdı. Təəssüf ki, telekanallar kortəbii, kim necə bacarır, kim necə başa düşür elə də məlumat yayırlar".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top