Cibutidən Azərbaycana "od qiymətinə" kömür gətirilir

Azərbaycan ötən il Cibutidən 50 tona yaxın kömür ixdal edib. "Yeniavaz.com" Dövlət Statistika Komitəsinin açıqladığı statistik göstəricilərə istinadən bildirir ki, ölkəyə gətirilən 49,89 ton ağac kömürü üçün 55,27 min dollar vəsait ödənilib. Bu isə o deməkdir ki, Cibutidən idxal olunan kömürün 1 kiloqramının qiyməti 1,1 dollar və ya 1,9 manat təşkil edib. Bu qədər bahalı bir kömürün ölkəyə hansı məqsədlə gətirildiyi və hansı sahələrdə istifadə olunduğu barədə məlumat verilmir. Qeyd edək ki, bahalı kömür Azərbaycana təkcə Cibutidən idxal olunmayıb. Keçən il ərzində Kubadan ölkəyə ümumi dəyəri 1040 dollar olan 1 ton kömür (1 kiloqramı 1,04 dollar və ya 1,8 manat) gətirilib.

Türkiyədən və Rusiyadan idxal etdiyimiz kömürün qiyməti isə bu qiymətlərlə müqayisədə təxminən 2 dəfə ucuz olub. Türkiyədən gətirilən kömürün 1 kiloqramı 0,6 dollar və ya 1,05 manat, Rusiyadan gətirilən kömürün qiyməti isə 0,41 dollar və ya 0,71 manat təşkil edib. Məlumat üçün bildirək ki, ötən il Türkiyədən ümumi dəyəri 8,18 min dollar olan 13,59 ton, Rusiyadan isə ümumi dəyəri 34,03 min dollar olan 83,22 ton kömür idxal edilib. Ən ucuz kömür isə Gürcüstandan gətirilib. Qonşu ölkədən idxal olunan kömürün 1 kiloqramı üçün 0,25 dollar və ya 0,43 manat ödənilib. Hesabat dövrü ərzində Gürcüstandan ümumi dəyəri 2,5 min dollar olan 10 ton kömür gətirilib.

Onu da qeyd edək ki, Azərbaycan xaricdən kömür idxal etdiyi kimi, ölkədən xaricə kömür də ixrac edib. Məsələn, ötən il Türkiyəyə ümumi dəyəri 57 min dollar olan 512,56 ton olan kömür ixrac edib. Nəticədə Türkiyəyə ixrac etdiyimiz kömürün 1 kiloqramı 0,11 dollar və 0,19 manat təşkil edib.

Rəqəmlərdən də göründüyü kimi, Azərbaycanın Türkiyəyə satdığı kömürün dəyəri Cibutidən idxal etdiyi kömürün dəyərindən təxminə 10 dəfə ucuzdur.

DİGƏR XƏBƏRLƏR

Top