Təhsil eksperti: "Müəllimlərin əksəriyyəti yeniliyə müqavimət göstərməklə məşğuldur"

Summativ qiymətləndirmə, kuriklum nədir? Bu sualı övladı orta məktəbdə oxuyan valideynlərin hərəsi bir cür cavablandırır. Bəziləri deyir ki, bunun şagirdlərə xeyri var, bir ay ərzində öyrəndiklərini ay sonu imtahan verərək təkrar edirlər. Bəziləri isə əksinə düşünür, bu uşaqlarda gərginlik, stresə səbəb olur. Bəs bu barədə təhsil eksperti necə düşünür?

"Kurikulumu müəllimlərin 80 faizi başa düşməyib"

"Azərbaycan təhsili 2009-cu ildən etibarən yeni təlim standartlarına keçdi. Bu indi hamının oxuduğu, amma heç kimin başa düşmədiyi kurikulum idi". Bu sözləri "yeniavaz.com" saytına açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib. Onun sözlərinə görə, bir çoxları düşünürdü ki, bu yeni təlim standartları tamamilə orta məktəbə tətbiq olunmayacaq və qısa müddətdə ləğv olunacaq: "Bunu haqlı edən məsələlərdən biri o idi ki, kurikulum standartlarına uyğun olaraq dərsin qurulması üçün müəllim azı 2 min manat əmək haqqı almalıdır. Belə ki, bu tələblərə uyğun dərsin qurulması müəllimin həm çox vaxtını alır, həm də əlavə vəsaitlər almaq lazım gəlir ki, bu da xərc tələb edir. Danılmaz faktdır ki, artıq 9 ildir ölkə təhsilində tətbiq edilən kurikulumu müəllimlərin 80 faizi başa düşməyib, başa düşənlər də ya səhv başa düşüb, ya da ki, özünəməxsus şəkildə qəbul edib. Baxmayaraq ki, orta məktəb müəllimlərinin 70 faizi kurikulum üzrə təlimlərdə iştirak edib onu mənimsənilməsi ilə bağlı diplom və sertifikat alıblar. Təəssüfləndirici hal odur ki, böyük əksəriyyət müəllim yeniliyə müqavimət göstərməklə məşğuldur və düşünürlər ki, bu yeniliyin heç bir effekti olmayacaq".

"Bu qiymətləndirmə missiyası şagirdin biliyini yox, bacarığını qiymətləndirməyə yönəlməlidir"

Kurikulum əslində çox gözəl, müasir və keyfiyyətli təlim üsulu olduğunu bildirən ekspertin sözlərinə görə, təəssüfləndirici digər hal odur ki, müəllimlər yenə də ənənəvi üsullardan istifadə edərək KSQ, BSQ (kiçik və böyük summativ qiymətləndirmə) hazırlayırlar: "Bu da əlbəttə ki, şagirdlərin və valideynlərin haqlı narazılığına səbəb olur. Xoşagəlməz hal odur ki, müəllimlər summativ zamanı ya dərsdə öyrətmədiyini soruşur, ya da öyrətdiyindən çoxunu şagirddən tələb edir. Əlbəttə ki, bu yolverilməzdir. Əslində summativ şagirdə dərs prosesində öyrəndiyini təkrarlamaq və bilmədiyini öyrənmək funksiyasını yerinə yetirməlidir. Bu qiymətləndirmə missiyası şagirdin biliyini yox, bacarığını qiymətləndirməyə yönəlməlidir. Çünki şagird bildiyini tətbiqi göstərməlidir".

Təhsil ekspertindən şagirdlərə tətildə verilən tapşırıqlar haqda da soruşduq. Tətil tapşırıqlarının çox olmasından şikayətlənən valideynlərin iddialarına görə, həddindən çox tapşırıq verilir. Əgər şagirdə tətil verilibsə, bəs tapşırıqların çox olmasının səbəbi nədir? Yox əgər tapşırıq verilirsə tətil nəyə lazımdır?!

Ekspert bu məsələ ilə bağlı bildirdi ki, tətil müddəti şagirdlərin fiziki istirahəti üçün nəzərdə tutulub: "Bu heç də o demək deyil ki, onlar bu müddətdə biliklərini unutmalıdırlar. Əlbəttə ki, keçrilən mövzuların təkrarlanması üçün tətil tapşırıqlarının verilməsi normaldır. Amma bu heç də şagirdin bütün vaxtını almamalıdır. Elə tapşırıqlar vermək lazımdır ki, bu yalnız gün ərzində 20 dəqiqədən artıq vaxtını almasın. Təəssüf ki, bizdə ən çox şagirdi yükləyən, məşğul edən müəllim yaxşı müəllim hesab olunur. Bu düzgün yanaşma tərzi deyil".

Rasim Məmmədli

DİGƏR XƏBƏRLƏR

Top