"600 min avro sığorta haqqı ödənilib" - Atletlər kəndində yaralanan idmançının anası

I Avropa oyunları zamanı Bakıda avtobus qəzası nəticəsində yaralanan avstriyalı idmançı Vanessa Şahinoviçin ailəsi Azərbaycanın təklif etdiyi təzminatı qəbul etməyib. Yerli “Kurier” qəzetinə müsahibə verən idmançının anası Azra Şahinoviç hələ də vəd olunan təzminatı ala bilmədiklərini deyib. “Onun 12-ci döş fəqərəsi sınıb və artıq bir ildən çoxdur ki, intensiv terapiya kursu keçir. Qəza baş verən kimi bir neçə milyon avro məbləğində təzminat vəd edilsə də, tezliklə unutdular” deyə, idmançının anası əlavə edib.

Azra Şahinoviçin sözlərinə görə, qəzadan sonra Azərbaycanda onların vəkilinə 1,8 milyon avro təzminat ödəniləcəyi vəd olunub. Bu müddət ərzində isə ailəyə yalnız Avstriya Olimpiya Komitəsindən 600 min avro sığorta haqqı ödənilib. O məbləğin 100 min avrosu Vanessanın müalicəsinə sərf olunub. Digər məbləğə isə torpaq sahəsi alıb və mülk tikintisi üçün kredit götürüblər.

“Mən bilsəydim ki, təzminat ödənilməyəcək, məbləğin hamısını qızımın müalicəsinə sərf edərdim”, deyə, Azra Şahinoviç əlavə edib. Qəzet hadisə ilə bağlı Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilovla əlaqə saxlayıb. Səfirin sözlərinə görə, idmançının ailəsinə 1 milyon avro təzminat təklif olunub. Lakin onlar bu məbləğin azlığını bəhanə edərək qəbul etməyiblər. Səfir əlavə edib ki, zərərçəkənlə təzminatın ödənilməsi ilə bağlı danışıqlar hələ də davam edir.

Yada salaq ki, qəzadan sonra Azərbaycan hakimiyyəti avstriyalı idmançının bütün müalicə xərclərini öz üzərinə götürüb. Prezident İlham Əliyev Venessanın Vyanaya çatdırılması üçün öz şəxsi təyyarəsini ayırıb. Venessanın ailəsi isə reabilitasiya xərcləri üçün təzminat tələb edir. İdmançının vəkili qəzanı törədən sürücünün çalışdığı nəqliyyat şirkətini məhkəməyə verib" deyə, məqalədə qeyd edilib.

İndiyədək I Avropa Oyunlarındakı məlum qəzada “Eldar Mahmudov izi” haqda mətbuatda kifayət qədər yazılar dərc olunub. “Atletlər kəndi”ndə baş vermiş xoşagəlməz olayın - avtobusun 3 xarici atletin üzərindən keçməsi işi üzrə istintaq çox məxfi şəkildə aparılsa da, məhkəmə araşdırmaları bəzi detalları üzə çıxara bilmişdi. Qəzadan dərhal sonra olayın sosial şəbəkələrdə yayılan videosuna baxmış hər kəs sürücünün bu hadisəni bilərəkdən törətdiyinə əminliyini ifadə edirdi. Hər kəs deyirdi ki, bu, qəsddir. Çünki sürücünün düz yolda getdiyi zaman səhvə yol verib belə bir qəza törətməsi inandırıcı görünmürdü. Bu arqumentləri inandırıcı edən bəzi faktlar da vardı. Oyunlar öncəsi ölkədə xoşagəlməz olayın baş verəcəyi gözləntisi, narahatlıq ab-havası hiss edilirdi. Hüquq-mühafizə orqanlarının xüsusi rejimdə çalışması, nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər bu gözləntilərə bir qədər də güc vermiş olurdu. Ölkə boyu, xüsusilə Bakı şəhərində görünməmiş təhlükəsizlik tədbirləri həyata keçirilmişdi. Belə bir vəziyyətdə, oyunlara 1 gün qalmış “Atletlər kəndi”nin nəqliyyat deposunda avtobus düz yoldan çıxaraq atletlərin üzərindən keçdi. "Yeni Müsavat"

DİGƏR XƏBƏRLƏR

Top