Özünü Qənirə Paşayevanın qohumu kimi təqdim edib camaatdan pul alır

Özünü millət vəkili Qənirə Paşayevanın qohumu kimi təqdim edən Anar adlı şəxs insanlardan müxtəlif məsələlərdə onlara yardımçı olacağını bildirib pul alır. "Yeniavaz.com" saytı xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva özü məlumat verib: "Anar adlı bir tovuzlunun mənim qohumum olduğunu iddia edərək müxtəlif şəxslərdən iş düzəltmək adı ilə pul istəməsi və ya alması barədə mənə məlumat daxil olub. Bildirmək istəyirəm ki, mənim bu adlı qohumum və ya işçim yoxdur və bu adamın mənimlə heç bir əlaqəsi yoxdur. Bu məsələ ilə bağlı, adımdan bu cür çirkin məqsədlər üçün istifadə edilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəm. Bu şəxsin dələduzluğu ilə üzləşən insanlar mənə məlumat verə və mən həmin müraciətləri də hüquq-mühafizə orqanlarına göndərib araşdırılmasını xahiş edəcəm. Adımdan çirkin məqsədlər üçün istifadə edilməsi məni çox üzdüyü qədər də çox narahat edir və xahiş edirəm, mənim adımdan bundan sonra da istifadə edərək kimlərsə, sizdən işinizi düzəltmək adı ilə pul və ya maddi şeylər tələb etsə, mütləq bizə Milli Məclisə məktubla müraciət edin və ya 0124372930 nömrəsinə zəng edərək köməkçim Məhəbbət xanıma məlumat verin ki bu cür dələduzlarla bağlı tədbir görə bilək. Bu cür fırıldaqçılara inanmayın ki sabah zərərə düşəsiniz. Bu artıq üçüncü dəfədir ki, kimlərinsə mənim adımdan bu məqsədlə istifadə etdiyi barədə məlumatlar daxil olur və hər dəfə də hüquq-mühafiqə orqanlarına müraciət edərək tədbirlər görülməsini xahiş etmişik. Eyni zamanda bütün idarə və qurumlara xahiş eidrəm ki, mənim adımdan kimlərsə sizə hansısa xahişlə müraciət edərsə, inanmayın. Biz vətəndaşlarımızın bizə rəsmi müraciətləri əsasında məktubla, imza ilə rəsmi qurumlara müraciət edirik və ya şəxsən mən özüm həmin qurumların rəhbərlərinə zəng edərək məsələləri onların diqqətinə çatdırıram. Kimlərsə kiməsə mənim adımdan zəng edərsə, xahiş edirəm, inanmayın".

DİGƏR XƏBƏRLƏR

Top