Gömrükdə nə baş verir?

Uzun illərdir Azərbaycanda gömrük orqanının fəaliyyəti ilə bağlı səsləndiriliən iddialardan biri bəzi şirkətlərin idxal etdikləri məhsulları gömrük rəsmiləşdirilməsindən yayındırması və yaxud da qiymətlərin süni şəkildə aşağı salınması ilə bağlı olub. Bildiyimiz kimi, idxal olunan məhsulun qiymətləndirilməsi səlahiyyəti də gömrük orqanına (əvvəllər broker şirkətinə) məxsusdur. Məhz bu səbəbdən iddia olunur ki, bəzi şirkətlərin gömrük vergi və rüsumlarından yayınması və yaxud da daha az rüsum ödəməsi üçün idxal məhsullarının miqdarı tam göstərilmir ya da qiyməti aşağı göstərilir. Ekspertlər və mətbuat bu iddiaları əsaslandırmaq üçün "güzgü statistikası" adlandırılan üsuldan dəfələrlə istifadə ediblər.

"Güzgü statistikası" nə deyir?

Türkiyə Gömrük və Ticarət Nazirliyinin açıqladığı statistik göstəricidə qeyd olunur ki, 2015-cü ilin oktyabr ayı ərzində Azərbaycana ixrac olunan məhsullarının ümumi dəyəri 147 milyon dollara bərabər olub (bax-http://risk.gtb.gov.tr/data/572b3a8a1a79f50cd8a22b1a/y/8-Komsu%20Ulkeler%20Ile%20Ithalat.pdf). Azərbaycan Gömrük Komitəsinin açıqladığı məlumatda isə göstərilir ki, 2015-cü ilin oktyabr ayı ərzində Türkiyədən cəmi 91 milyon dollar dəyərində məhsul idxal olunub (bax-http://customs.gov.az/files/arayis201610.pdf). Rəqəmlərdən də göründüyü kimi, iki ölkənin açıqladığı (Türkiyənin Azərbaycana ixracı və Azərbaycanın Türkiyədən idxalı) göstəricilərdə 56 milyon dollar fərq var. Qeyd edək ki, bu fərq əvvəlki illərdə də bu şəkildə yüksək olub. Gömrük Komitəsi isə hər dəfə açıqlama verərək idxal mallarının statistik uçotdan yayındırılmasının fakt kimi göstərilməsini tam yanlış və əsassız olduğunu bəyan edib.

Ancaq ötən illərdən fərqli olaraq bu il ilk dəfə olaraq iki ölkənin açıqladığı rəqəmlər bir-birinə yaxın olub. Belə ki, 2016-cü ilin oktyabr ayı ərzindəTürkiyədən Azərbaycana ixrac olunan məhsullarının ümumi dəyəri 129 milyon dollara bərabər olub. Eyni zamanda 2016-cü ilin oktyabr ayı ərzində Azərbaycan Türkiyədən 123 milyon dollar dəyərində məhsul idxal edib.

Rəqəmlərdən də göründüyü kimi, bu il iki ölkənin açıqladığı (Türkiyənin Azərbaycana ixracı və Azərbaycanın Türkiyədən idxalı) göstəricilərdə ötən ildəkindən 10 dəfə az - cəmi 6 milyon dollar fərq var.

Rəqəmlər iddiaların doğru ola biləcəyini göstərir

Türkiyənin Azərbaycana ixracı artmadığı halda (hətta azaldığı), Azərbaycanın Türkiyədən idxalının artması yazının əvvəlində səsləndirilən iddiaların doğru olduğunu göstərir. Belə iddia edilir ki, gömrükdən dövlət büdcəsinə daha çox vəsait cəlb etmək məqsədilə bu ildən etibarən idxal olunan məhsulları gömrük rəsmiləşdirilməsindən yayındırması və yaxud da qiymətlərin süni şəkildə aşağı salınması halları azaldılıb. Gömrük Komitəsindən dövlət büdcəsinə ödənilən vəsaitlərin son bir ildə artması da bu iddiaların doğru ola biləcəyini göstərir. Bildiyimiz kimi, ötən ilin oktyabr ayı ərzində Gömrük Komitəsi dövlət büdcəsinə 134 milyon manat vəsait ödədiyi halda bu ilin oktyabr ayında 183 milyon manat vəsait ödəyib.

İddiaların doğru olacağını göstərən daha bir məqam isə ötən ildən fərqli olaraq bu il idxal olunan məhsulların gömrük dəyərinin daha yüksək olması ilə bağlıdır. Gömrük Komitəsinin məlumatına görə, ötən ilin ilk 9 ayı ərzində ölkəyə gətirilən 1 ton düyünün gömrük dəyəri 280 dollar olduğu halda, bu il 650 dollar olub. Bundan başqa ötən il kartofun 1 tonu 72 dollara rəsmiləşdirildiyi halda bu il 180,5 dollara rəsmiləşdirilib. Həmçinin bananın 1 tonunun gömrük dəyəri son bir ildə 244 dollardan 814 dollara, kərə yağının gömrük dəyəri isə 1800 dollardan 3600 dollara yüksəlib.

Adını qeyd etdiyimiz məhsulların gömrük dəyəri dollarla ifadə olunduğu üçün burada manatın devalvasiyasından söhbət gedə bilməz. Üstəlik bu məhsulların dəyəri də idxal etdiyimiz ölkələrdə bu səviyyədə bahalanmayıb. Maraqlı məqamlardan biri də odur ki, son bir ildə idxal olunan bananın gömrük dəyəri 3 dəfədən çox artığı halda daxili bazarda bu məhsulun pərakəndə satış qiyməti kəskin ucuzlaşıb. Belə ki, ötən il 1 kiloqramının gömrük dəyəri 24 sent (ötənilki məzənnə ilə təxmimən 25 qəpik) olan banan daxili bazarda 2,8 manata satılırdı. Bu il isə 1 kiloqramının gömrük dəyəri 81 sent (builki məzənnə ilə təxmimən 1,25 manat) olan banan daxili bazarda 1,8 manata satılır.

Allahverdi Aydın

DİGƏR XƏBƏRLƏR

Top