Azərbaycanda 1543 arı ailəsi xəstəlikdən məhv olub - RƏSMİ AÇIQLAMA

Dövlət Statistika Komitəsi Azərbaycanda arıçılıq məhsullarının istehsalı ilə bağlı məlumat yayıb. "Yeniavaz.com" xəbər verir ki. bu barədə
Komitədən məlumat verilib. Nəlumata görə, bu ilin yanvar ayında arıçılıq məhsullarının istehsalına dair seçmə statistika müayinəsi keçirilib.

Müayinəyə arı ailələri olan 25 kənd təsərrüfatı müəssisəsi, reprezentativlik təmin olunmaqla seçmə qaydada 456 fərdi sahibkar, ailə kəndli, ev təsərrüfatları cəlb olunub.

Müayinənin yekunlarına əsasən 2017-ci ilin əvvəlinə həmin təsərrüfatlarda 20014 arı ailəsi, o cümlədən kənd təsərrüfatı müəssisələrində 952 arı ailəsi və fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarında 19062 arı ailəsi mövcud olub. İl ərzində 4367 arı ailəsi beçə verib, 1543 arı ailəsi isə xəstəlikdən məhv olub.

Təsərrüfatların 97,3 faizi balı satmaq üçün, 2,7 faizi isə öz istifadəsi üçün istehsal edib. Arı ailələrindən həm də kənd təsərrüfatı bitkilərinin tozlanması məqsədilə istifadə olunub və bu məqsədlə əkini olan təsərrüfatlar 191 arıçılıq təsərrüfatının xidmətindən istifadə diblər.

Müayinə ilə əhatə olunmuş təsərrüfatlar üzrə orta hesabla bir arı ailəsindən 10,4 kq bal süzməklə il ərzində 207,8 ton bal istehsal edilib. İlin əvvəlinə olan 16,7 ton qalıq da nəzərə alınmaqla 193,5 ton bal satılıb, 8,2 ton bal isə təsərrüfatların şəxsi istehlakı üçün istifadə edilib. İstehsalçılarda cari ilin əvvəlinə 22,8 ton bal ehtiyatı mövcud olub.

Baldan başqa, arıçılıq məhsullarına mum, vərəmum, güləm və arı südü də daxildir. 2016-cı ildə 5915 kq mum, 433 kq vərəmum, 442 kq güləm və 13,0 kq arı südü istehsal edilib. Mumun 1 kiloqramının orta satış qiyməti 11,9 manat, vərəmumun orta satış qiyməti 134,8 manat, güləmin orta satış qiyməti 48,4 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 6,3 manat olub.

Seçmə müayinə məlumatları əsasında 2016-cı ildə arıçılıq məhsullarının statistik qiymətləndirilmiş istehsal həcmi ölkə üzrə 2700,2 ton bal, 76,2 ton mum, 5,6 ton vərəmum, 5,7 ton güləm və 169,0 kq arı südü təşkil edib.

Ümumiyyətlə, “Arıçılıq haqqında” Qanun qəbul edildiyi dövrdən sonrakı 8 ildə arı ailələrinin sayı 82,5 faiz artaraq cari ilin əvvəlinə 260,1 minə çatıb. Göstərilən dövr ərzində arıçılıqla məşğul olan təsərrüfatlarda bir təsərrüfata düşən arı ailələrinin sayı 11,1-dən 12,6-dək yüksəlib, bal istehsalı 91,4 faiz və yaxud 1289,2 ton artıb.

Müayinə zamanı arıçılıq təsərrüfatları bu sahənin daha da inkişaf etdirilməsi üçün dövlət tərəfindən güzəştli kreditlərin ayrılması, arıçılıq üzrə damazlıq təsərrüfatlarının yaradılması, bal satışı yarmarkalarının mütəmadi keçirilməsi, qablaşdırılmış və satışa çıxarılmış arıçılıq məhsullarının keyfiyyətinin yoxlanılması kimi təkliflər irəli sürüblər.

DİGƏR XƏBƏRLƏR

Top