"Hələ də təsəvvürə gətirə bilmirəm ki, necə olar bilər axı, bir tikinti şirkətiniin rəhbəri bir mənzili eyni vaxtda 3-5 adama satsın və rahatlıqla cəmiyyət içində əlini-qolunu sallayaraq gəzsin". "Yeniavaz.com" xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa tikinti şirkətlərinin bir mənzili bir neçə vətəndaşa satmasına münasibət bildirərkən deyib. Deputat qeyd edib ki, bu mövzuda yüzlərlə insandan şikayət eşidib, ancaq problemlərinin həlli üçün maneələri aşa bilməyib.
"Dünyanın maraqlı işləri var. Bir Dədə Aydın vardı, Azərbaycanın istiqlal tarixinin maraqlı simasıydı, hər kəsin güvəndiyi səmimi bir insandı. Əbülfəz Bəydən tutmuş ekstrasens Tofiq Dadaşova qədər, o cümlədən də bizlərin də güvənilən dostu idi. Azərbaycandan olan ilk kosmonavtı ola bilərdi, imkan vermədilər. Hətta Kommunist Partiyası üzvlüyünə namizədlik üçün zəmanəti ona ilk Sovet kosmonavtı Yuri Qaqarin vermişdi. Yaş fərqində baxmadan insanlara xidmət etməkdən zövq alardı. Qərbədir ki, ahıl yaşlarında məhkəmə koridorlarında sürünməkdən əsəbləri dözmədi, ömürünü bizlərə bağışladı. Səbəb isə ancaq Azərbaycan reallığında minlərlə insanların yaşadığı dələduzluq hərəkətləri idi. Adam 55 il müəllimlik dövründən maaşla topladığı vəsaiti yeni tikilidən ev almaq üçün tikinti firmasına vermişdi, sonradan məlum olmuşdu ki, ona məxsus olan mənzili nə az, nə çox, 6 nəfər başqa şəxsə də satmışdılar. Məhkəmədə də haqqı tanınmadı. Bu biçarə Azərbaycan ziyalısının hansı iztirab içində qaldığını təfsilatı ilə bilirdim. Onun işi ilə bağlı bizim də müraciətlərə əhəmiyyət verən olmadığını hər dəfə söylədiyimdə insanlara həmişə etibarla yanaşan bu insanın halı tamamilə pisləşirdi. Axşam 6-7 nəfər ailə üzvünün yaşadığı birotaqlı evinə getməyə belə xəcalət çəkirdi. Tikinti firması, müstəntiq, hakim, icraçı biri digərinə məsələnin həllini ötürə-ötürə dəyərli br ziyalını çərlədib öldürdülər. Başqa bir ziyalı qonşumuz Əsgər müəllim vardı, universitetdə müəllim idi, beləsinə kristal adam deyərdilər, bağını qanunsuz zəbt etdilər, yaşayış binasındakı evinə isə məcburi köçkün ailəsi yerləşdi və sonradan evləri olsa da, çıxmaq istəmədilər. Haqqını aramaq üçün döymədiyi qapı qalmadı, o da əsəbdən dünyasını dəyişdi. Bu məsələni ona görə xatırladım ki, bu mövzuda yüzlərlə insandan şikayət eşitmişəm, müraciət almışam, ancaq problemlərinin həlli üçün maneələri aşa bilməmişəm. Onlarla mənzil məsələsinə görə zərərçəkmiş insanların ədalətsizliyə dözməyərək dünyasını dəyişməsindən özüm də narahat olmuşam. Hələ də təsəvvürə gətirə bilmirəm ki, necə olar bilər axı, bir tikinti şirkətiniin rəhbəri bir mənzili eyni vaxtda 3-5 adama satsın və rahatlıqla cəmiyyət içində əlini-qolunu sallayaraq gəzsin. Maraqlıdır ki, bu bir şəbəkə işidir, məsuliyyəti danışılmış şəkildə bir nəfərin boynuna qoyub, onun həbsxanada qalması üçün lazımi xərcləri öz boyunlarına çəkirlər, yenə də öz dələduzluq fəalyyətlərini başqa adlar altında davam etdirirlər. Adətən, himayəçiləri də heç şübhəsiz ki, böyük vəzifə sahibləri olurlar. Mən bilən bu kateqoriyadan olan adamları Çində dərhal güllələyirlər. Yəni insan son ümidi olaraq yığdığı sərmayəni mənzil almağa yönəldir, sən də bir neçə adama eyni mənziili satıb pul qazanırsan, nəticədə minlərlə insanın həyatını zəhərə çevirirsən. Allahın cəzası mütləq bu binamusları haqlayacaq, ancaq cəmiyyətin də, hüquq sisteminin də bu məsələyə prinsipial münasiibət sərgiləməsi vacibdir".