Mingəçevirin bu sakinləri 90-cı ildə "qalıb" - FOTOLAR

Mingəçevirin bir çox yaşayış məntəqələrində hələ də istilik sistemi yoxdur. İ. Qayıbov, H. Əliyev, H. Aslanov, D. Əliyeva küçələrində yerləşən binaların sakinləri "Yeniavaz.com" saytına bildiriblər ki, sonuncu dəfə binalarına istilik 1990-cı ildə verilib: "SSR dağıldıqdan sonra evlərə verilən istilik dayandırıldı. Bu binaların həyətində böyük qazanxana da var. Hətta şəhərin bir neçə binasına istilik sistemləri də çəkilib. İstəyirik ki, bizim yaşadığımız binalara da istilik sistemi çəkilsin".

Sakinlərdən şəhid anası, tənha yaşayan 80 yaşlı Məleykə İmanova deyir ki, qış fəsli gələndə evi soyuq olduğundan hər gün xəstələnir: "Aldığım pensiya ilə güclə dolanıram. Yaşlı adamam, bir oğlum var idi, o da şəhid olub. Kommunal xərclər bir tərəfdən, evin soyuq olması da məni xəstə salıb".

Digər sakin Qərib Qədimov dedi ki, 1975-ci ildən H. Aslanov 4, mənzil 46 ünvanında yaşayır: "Bu ərazi şəhərin ən böyük məhəlləsidir. Qış fəsli gələndə biz yaşlı adamlar xəstə düşürük. Aldığımız pensiya ancaq işıq puluna gedir. Çünki evi isitmək üçün qızdırıcıdan istifadə edirik. İşıq pulu da, su pulu da qalxıb. Heç olmasa, evimizdə istilik sistemi olsa, xərcimiz az çıxar. Aidiyyəti qurumlara dəfələrlə müraciət etmişik. Sözümüzü eşidən yoxdur. 5-10 il ömrümüz qalıb, heç olmasa adam kimi yaşayaydıq".

Sakinlərdən Yusubova Natella, Məmmədova Almaz, Hüseynova Maya, Əliyeva Lətifə, Hacıyeva Elmira, Məmmədova Xumar, Məmmədova Emma da problemin həll edilməsini istədiklərini dedilər: "Bizi bu bəladan qurtarsınlar. Panel olduğuna görə, evi elektrik qızdırıcısı ilə evi qızdırmaq mümkün deyil. Köhnə "otopleniya"ları söküb atmışıq. Yenisini öz pulumuzla almağa razıyıq, təki mənzilimizə istilik sistemi çəkilsin".

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top