.jpg)
"Ötən il ərzində qarşımıza qoyduğumuz minimum proqramı - borc problemlərinə diqqəti artırmaq, maarifləndirmə, bankların bir sıra özbaşınalığına son qoymaq, bankların da məğlub ola bilməsinə inam yaratmaq və s. yerinə yetirə bilmişik. Amma maksimum proqrama - borcluların birləşərək müqavimət göstərməsi və güzəştlər əldə etməsi, dollar kreditləri məsələsinin həlli və s. nail ola bilmədik". "Yeniavaz.com" xəbər verir ki, bunu hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov "Antikollektor" MMC-nin fəaliyyətə başlamasının 1 ilinin tamam olmasına münasibət bildirərkən deyib.
"Borc problemlərini daim diqqət mərkəzində saxladıqlarına görə KİV-lərə təşəkkür edirəm. Əlbəttə, maarifləndirmə sahəsində hələ xeyli iş görülməlidir. Amma insanlarımızın bu sahədə savadı artmaqdadır. Ən azı banklardan, kollektorlardan, məhkəmədən, icra məmurlarından qorxuları yavaş-yavaş azalır. Ümumiyyətlə, deməliyəm ki, "Antikollektor"un borclulara psixoloji dəstəyi bəzən hüquqi dəstəkdən daha çox olub. Ötən il ərzində bu problemlərlə bağlı mənə hətta bankların öz əməkdaşlarından, habelə məmurlardan (hətta Mərkəzi Bankdan da!) da xeyli müraciət olub ki, borclu qohumlarına və ya tanışlarına kömək edək. Başqa sözlə, söhbət ümumilli problemdən, hər bir ailəyə ən azı dolayısı toxunan məsələdən gedir. Buna görə də bəzilərinin faəliyyətimizi bank sisteminin əleyhinə olan fəaliyyət kimi təqdim etmələri həqiqətə uyğun deyil",-deyə bildirən ekspert qeyd edib ki, bank işçiləri ilə heç bir düşmənçiliyimiz yoxdur: "Bankların bir çoxunda dostlarım var (o cümlədən rəhbər vəzifələrdə də), mövcud problemləri də onlarla daim müzakirə edirik. Hamımız ölkəmizin düşdüyü bu bəladan çıxmağı istəyirik. Çünki yekunda zərər hamıya dəyəcək!
Ötən müddətin əsas nailiyyətləri bunlardır?
1) Borca görə intiharların ən azı artmaması (bankların basqısı şiddətləndikcə artım təhlükəsi çox böyük idi);
2) Kollektorların qoçuluğunun xeyli azalması;
3) Borc barədə borclunun iş yerinin, həmkarlarının, yaxınlarının məlumatlandırılmasının həm məhkəmə, həm də Palata tərəfindən qanunsuz hesab edilməsi və bu pozuntuya görə borcluya mənəvi zərərin ödənilməsi;
4) Xarici valyutada borclanmanın məhdudlaşdırılması;
5) Xarici valyutada alqı-satqı və lizinq əməliyyatlarının qanunsuz hesab edilməsi;
6) Kredit şərtlərinin dəyişdirilməsinə görə zaminliyə xitam verilməsi;
7) Ayrı-ayrı borclulara banklar tərəfindən güzəştlərin edilməsi;
8) Borca görə qanunsuz olan həbslərin artmaması və belə həbslərdən Avropa Məhkəməsinə şikayətlərin göndərilməsi;
9) Digər hüquqşünas və vəkillərin də faktiki antikollektorluq fəaliyyəti göstərməsinə başlaması və s. və i.a.
Təbii, hələ xeyli problem də qalmaqdadır. Ən böyük problem də dollar kreditləridir. Düzdür, son zamanlar bəzi kredit təşkilatları bu məsələdə ciddi güzəştlərə də gedir. Məsələn, ötən həftə "Antikollektor" kredit təşkilatı ilə danışıq yolu ilə bir müştərisinin dollar kreditinin yarısının bağışlanmasına nail olub. Digər iri bank isə dollarla ipoteka krediti üzrə "Antikollektor"un çoxsaylı müştərilərinə məzənnədə ciddi güzəşt edib və borcu manata çevirib, müddəti uzadıb. İndi əsas məsələ belə halların artırılmasıdır".
Əkrəm Həsənov deyib ki, ötən il ərzində "Antikollektor"a 4000-dən çox insan müraciət edib: "Əslində gözlədiyimizdən azdır. Onların hamısına ən azı pulsuz məsləhət verilib. Ödənişli xidmət yalnız 77 nəfərə göstərilib. Əvvəlcədən də bildirmişdik ki, "Antikollektor" kommersiya təşkilatı olsa da, ona gəlir mənbəyi kimi baxmırıq və müvəqqəti sosial layihə hesab edirik. İlk ilini "Antikollektor" 35 min manatdan çox zərərlə başa vurub. Yəni onun fəaliyyət göstərməsi üçün təsisçiləri ilkin qoyduqları 10 min manatdan əlavə 35 mindən çox vəsait də xərcləyiblər. Bunu ən azı "Əkrəm bu problemdən çox yazır ki, müştəri toplasın!" deyənlərin diqqətinə çatdırıram. Heç vaxt belə ittihamlara cavab verməmişdim, indi verirəm (əslində hər hansı peşə sahibinin fəaliyyəti barədə məlumat verib zəhmətinə görə qazanc əldə etməsi normal haldır, lakin sözügedən halda belə bir şey yoxdur). Hüquqşünas və vəkil kimi mənim gəlirim əsasən digər sahələrdəndir: yerli və xarici sahibkarlara və şirkətlərə (o cümlədən xarici banklara!) məsləhət və hüquqi dəstək (əmlak, müqavilə, vergi, korporativ hüquq və s. məsələlər üzrə). Borc məsələlərinə hər gün 2-3 saat vaxt ayırmağım isə fəaliyyətimin sosial məsuliyyət tərəfidir".
Əkrəm Həsənov bildirib ki, onu ən çox narahat edən məsələ insanlarımızın passivliyidir: "Gündə azı 15 nəfər mənə borcla bağlı müraciət edir. Hamısına cavab verirəm. Bir qayda olaraq, sənəd surətləri ilə "Antikollektor"a gəlmələrini tövsiyə edirəm. Amma çoxu gəlmir, elə virtual məsləhət almaq istəyir. Mənim sadəcə hamıya belə məsləhət verə bilmək imkanımın olmaması bir tərəfə (elə "Antikollektor" da ona görə təsis olunub ki, bu, bir nəfərin işi deyil, mən hamı ilə özüm görüşə bilmərəm, mənim əsas işim bu sistemi idarə etmək və yalnız zəruri olduqda birbaşa müdaxilə etməkdir), insanlarımızın bir qismi hələ də başa düşmür ki, hüquqi məsələnin həlli yalnız sənədlərin təhlili əsasında mümkündür. Hüquqi mədəniyyət səviyyəmiz təəssüf ki, çox aşağıdır. Bunun nəticələrindən biri həmçinin odur ki, bəzi müraciət edənlər "Antikollektor"un fəaliyyətindən narazı qalırlar (istinsa etmirəm ki, bəzən əsaslı narazılıqlar da olur) ki, pulsuz köməyiniz elə məsləhətdən ibarətdir?! Yəni başqasının sənə vaxt sərf edib peşəkar bilgisini pulsuz bölüşməsinə bizdə dəyər verilmir. Əslində, hüquqşünas məsləhəti ödənişli olmalıdır, təbii. Belə olmadığı üçün də bəzən "Antikollektor"un əməkdaşlarının vaxtından sui-istifadə halları olur (buna görə də böyük ehtimalla apreldən məsləhət də ən azı simvolik haqq müqabilində göstəriləcək). Mən hələ "Antikollektor"un əməkdaşları ilə tələb formasında danışılması hallarını demirəm. Sanki biz dövlət qurumuyuq! Əslində, xalqımızın yavaş-yavaş tələbkar olması məni sevindirir, sadəcə bu tələbkarlığı ilk növbədə məmurlara qarşı göstərməlidilər.
Ötən müddət ərzində xeyli insan bizə minnətdarlıq edib, o cümlədən rəylərini mənə yazıblar, problemin ən azı qismən həllinə görə təşəkkür ediblər. Amma təbii narazı qalanlar da olub, bu barədə mənə də yazıblar. Düzdür, adətən borclular əməkdaşlarımızın realist tövsiyələrindən narazı qalır, sanki möcüzə gözləyirdilər. Lakin işimiz insanları aldatmaqdan, boş ümidlər verməkdən ibarət deyil. Məqsədimiz ilk növbədə onlar tərəfindən vəziyyətlərini düzgün dərk edib qanun çərçivəsində hərəkət etmələridir. Bu isə qısa yol deyil, vaxt və səy tələb edir. Əməkdaşlara xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Onlarda olan hövsələ məni valeh edir. Borclu insanların əksəriyyəti çox əsəbidir, onlarla danışmaq çox çətindir, onların acı taleyi haqda söhbətlərinə qulaq asmaq da sağlam əsəb sistemi tələb edir. Əməkdaşlarımızın bəzən dözməyib ağlamağa başlaması halları da olub. Bəzən isə işçilərimiz müraciət edənlərin dələduz olduqları (imkanı ola-ola borcu ödəməkdən yayınmaq istəyənlər) qənaətinə də gəliblər. Tapşırığım üzrə belə insanlara yardım etməyiblər. "Antikollektor" hüquqdan sui-istifadə məkanı deyil!
Yekunda bir daha vurğulamaq istəyirəm ki, borclu insanlarımızın birləşərək fəaliyyət göstərməsinə hələlik nail ola bilmədik. Məsələn, Rusiyada, Ukraynda məhz bunun nəticəsində banklar ciddi güzəştlərə getməyə məcbur olur. Bizdə isə hər kəs bu problemə sırf öz problemi kimi baxır. Bu yolla ciddi uğurlar olmayacaq. "Antikollektor" yalnız vasitədir, o, bütün problemləri təkbaşına həll edə bilməz. Amma bizdə əksər hallarda borclular mətbuatla belə danışmaqdan çəkinir. Dəfələrlə olub ki, televiziya kanalı və ya digər KİV məndən müəyyən tipli borclu vətəndaşların onlarla danışmasını xahiş edib, amma biz çətinliklə buna nail olmuşuq. Əksəriyyət problemini danışmaq, ictimailəşdirmək istəmir. Biz ötən il borcluların bir-birinin məhkəmə prosesində kütləvi iştirakını tövsiyə edirdik. Lakin problemini mətbuata danışmaqdan yayınan insanlar necə birləşə bilər axı? Siz dəyişməyincə, heç nə dəyişməyəcək. Göydən 3 alma düşməyəcək, möcüzəni özünüz yaratmalısınız. Bunun üçün isə birləşmək və sonadək mübarizə aparmaq lazımdır".
Tətbiqimizi yükləyə bilərsiniz