“Hər gün başımıza daş, su tökülür” - Şeyx Əbdül

“Oturmuşuq evimizdə, hər gün başımıza daş, su tökülür”.

"Yeniavaz"ın xəbərinə görə, bu sözləri tanınmış aktyor, kinorejissor və ssenarist Şeyx Əbdül Mahmudbəyov musavat.com-a açıqlamasında bildirib.

Əməkdar incəsənət xadimi qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən "Qış Parkı”nın tikintisi zamanı evinə ciddi ziyan dəyib. Ali Məhkəmə qəzalı vəziyyətə düşən evin təmir olunması və yaxud dəyən ziyanın ödənilməsi ilə bağlı qərar qəbul etsə də, aidiyyatı qurumlar buna əməl etmək istəmir: “Mən heç bir təmənna və ya hansısa xahiş, minnət istəmirəm, haqqımı tələb edirəm. Hər gün evimin ətrafında ağır texnika işləyir, başımıza daş, su tökülür. Evim çox ağır, qəzalı vəziyyətə düşüb. 7 ailə üzvüm real ölüm təhlükəsi ilə üz-üzədir, hansı ki, onların arasında 2 körpə uşaq var. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən evimə ziyan dəydiyini Ali Məhkəmə rəsmən təsdiq edib, qüvvədə saxlayır. Lakin iki ildir ki, bu qərara əməl olunmur. Mənim başqa evim yoxdur ki, gedib sığınım”.

Şeyx Əbdül Mahmudbəyov mətbuat vasitəsi ilə ölkə başçısına müraciət edib: “Dəfələrlə məsələ ilə bağlı prezidentə məktub yazmışam. Lakin görünür ki, bəzi məmurlar mənim səsimin ölkə başçısına çatdırılmasına mane olur, sanki orada Çin səddi yaradılıb. Buna görə də saytınız vasitə ilə prezidentə müraciət edirəm. Xahiş edirəm ki, ömrünün 60 ilini bu millətin, dövlətin mənafeyi uğrunda çalışmış sənətkar, ağsaqqal kimi mənim səsim eşidilsin, haqqım tələb edilsin. Məhkəmələrin mənim evimlə bağlı çıxardığı qərarı məmurlar yerinə yetirsin. Sadəcə qanuni haqqımı istəyirəm”.

Xatırladaq ki, əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov “Axırıncı aşırım” filmində Bəylər, “Yeddi oğul istərəm” filmində Qasım, “Nəsimi”də Dərviş obrazlarını yaradıb. O, “Firəngiz”, “Üzü küləyə”, “İki sahil”, “Gecə qatarında qətl” və digər filmlərin rejissorudur.

DİGƏR XƏBƏRLƏR

Top