Yeni binalarda hesablama zamanı vətəndaşları belə aldadırlarmış

Vətəndaş N. Abdullayeva Yasamal rayonunda yerləşən "İnsaatçı" MTK tərəfindən istehlakçı hüquqlarının pozulduğunu bildirib. O, bununla bağlı Azad İstehlakçılar İctimai Birliyinə (AİB) müraciət edib. AİB tərəfindən Yasamal rayon məhkəməsində iddia qaldırılıb və istehlakçıdan kommunal haqqı kimi artıq alınmış 3451 AZN-nin geri qaytarılması barədə qətnamə qəbul edilib. Eyni zamanda N. Abdullayevanın mənzilinin sahəsinin artıq göstərməklə ondan artıq alınmış 5500 AZN vəsaitin geri qaytarılmasına dair iş məhkəmə baxışındadır. "Yeniavaz.com" xəbər verir ki, bu barədə AİB sədri Eyyub Hüseynov məlumat verib.

Onun sözlərinə görə, istehlakçı A. Quliyevanın AİB-ə ünvanlanmış "Meqasiti Holdinq" MMC tərəfindən aldığı mənzilin sonradan başqa şəxsə satılmasına dair ərizəsi əsasında da məhkəmədə iddia qaldırılıb və hazırda məhkəmə davam edir.

"28.02.2017-ci il tarixdə Bakı şəhər sakini Hüseyn Abışov AİB-ə ünvanladığı ərizəsində Abşeron rayonu, Sumqayıt şossesi 7-ci km ünvanda yerləşən "Akkord İnşaat Sənaye" ASC tərəfindən hüququnun pozulduğunu, yaşamadığı halda hər ay ondan 50 AZN komunal pulu alındığını, ona verilən maliyyə sənədinin saxta olduğunu bildirib. AİB-in ekspertlərinin iştirakı ilə problemi həll etmək təşəbbüsü qarşı tərəfindən müsbət qarşılanıb və istehlakçının ödədiyi pulun qaytarılması və əsassız yazılmış debütor borcun silinməsinə nail olunub.

Yeni tikilən binalarla bağlı şikayətlərin təhlili göstərir ki, vətəndaşlardan alınmış pulların müqabilində vergi qanunvericiliyi ilə müəyyən olunmuş rəsmi sənəd (qəbz) verilmir. Təəssüflər olsun ki, bu barədə Vergilər Nazirliyinə dəfələrlə rəsmi məlumatlar verilsə də, vəziyyət düzəlmir".

Eyyub Hüseynov onu da bildirib ki, bəzən AİB-ə daxil olan ərizələr birbaşa istehlakçı hüququ ilə əlaqədar olmur: "Belə hallarda da ərizələr aidiyyəti üzrə dövlət orqanlarına göndərilir. Zaqatala şəhərində yaşayan Q. Hüseynova ərizə ilə müraciət edərək, 2007-ci ildə Binəqədi rayonu, Biləcəri bələdiyyəsindən 4010 AZN ödəyərək 4 sot torpaq sahəsi aldığını, o zamanki bələdiyyə sədri İlham Xəlilovun onu aldadaraq bələdiyyəyə məxsus olmayan torpaqdan sahə ayırdığını, sonradan sahənin abadlıq üçün istifadəyə verildiyini, lakin bu günə kimi ona rəsmi vəd verilsə də, başqa yerdə torpaq sahəsi ayrılmadığını bildirib. Məsəlinin həlli ilə bağlı yuxarı dövlət orqanlarına müraciətlər olunub".

Sonda onu da qeyd edək ki, yeni binalarda digər problem tikinti şirkətlərinin mənzilləri satarkən binanın ölçüsünü torpaq sahəsi ilə hesablamalarıdır. Bu isə divarların hətta şaxtaların tutduğu hissələrin də evin sahəsinə əlavə olunması deməkdir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarına görə isə bu ərazilər nəinki, mənzilin, heç binaların da sahəsinə daxil edilmir.

Ekspertlər də mənzilin sahəsi hesablanarkən arakəsmə divarların qalınlığı və çöl divarın, eləcə də eyvvanın mənzilin yaşayış sahəsi kimi hesablana bilməyəcəyini qeyd edirlər.

DİGƏR XƏBƏRLƏR

Top