Pakistan Ali Məhkəməsi "Pak-Türk" məktəbləri haqda qərar verdi

Pakistandakı "Pak-Türk" məktəbləri ilə bağlı İslamabad Ali Məhkəməsi qərar verib. "Yeniavaz.com" Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçən il Pakistanda Türkiyə hökumətinin xüsusi səyləri nəticəsində 20 illik fəaliyyət tarixi olan "Pak-Türk" məktəblərinin bağlanması və Türkiyə vətəndaşı olan müəllimlərinin ölkədən çıxarılması qərarı verilmişdi.

Bu qərardan sonra "Pak-Türk" məktəblərinin qəyyumlar heyəti məsələ ilə bağlı Ali Məhkəməyə müraciət edərək məktəbləri əllərindən almamalarını istəmişdi.

İslamabad Ali Məhkəməsinin qərarına görə, dövlət özəl olaraq açılan bir şirkəti əllərindən ala bilməz. Qanunlar çərçivəsində məktəblər kimlərindirsə onlara qaytarılacaq.

Həmçinin bu qərardan sonra türkiyəli müəllimlərə ölkədən çıxmaları üçün bir ay vaxt verilmişdi. Bundan sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) xüsusi vizası ilə təhsil işçilərinin Pakistanda yaşamalarına icazə verildi.

Məlumat üçün bildirək ki, Türkiyə hökümətinin qurduğu Maarif Vəqfi bu məktəbləri Pakistandan təhvil alaraq özləri təhsil işinə davam edəcəkdilər. Ancaq məhkəmə qərarına görə, bu vəqfin elə bir haqqı yoxdur və təhvil mümkün deyil.

Qeyd edək ki, keçən il "Pak-Türk" məktəblərinin fəaliyyətinin dayandırılmasına görə şagirdlər, valideynlər və bu məktəbdən məzun olanlar öz etirazlarını bildirərək bunun qanunsuz olduğunu dilə gətirmişdilər.

DİGƏR XƏBƏRLƏR

Top