Bölgələrdə istedadlı uşaqların seçilməsinə başlanılıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Heydər Əliyev Fondu və UNICEF-lə birgə uşaqların öz hüquqları ilə bağlı qərarların qəbul edilməsində iştirakını təmin etmək, uşaqlara öz problemləri ilə bağlı təşəbbüslərlə çıxış etmək və təkliflər vermək imkanı yaratmaq, həmçinin ictimaiyyətin diqqətinin uşaq hüquqlarının qorunmasına yönəldilməsi məqsədilə bu il Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunu keçirəcək.

"Yeniavaz.com" xəbər verir ki, bununla əlaqədar hazırda ölkəmizin bütün şəhər və rayonlarından Forumda iştirak edəcək uşaqların seçilməsi məqsədilə Komitə tərəfindən regional görüşlər keçirilir. Növbəti belə görüş Mingəçevir şəhər 1 saylı tam orta məktəbdə təşkil edilib. Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq problemləri şöbəsinin müdiri Cəmilə Bağırova çıxış edərək, bu regional görüşlərdə xüsusi istedadı olan, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlar, sağlamlıq imkanları məhdud, digər millətlərdən olan, valideyn himayəsindən məhrum olmuş, qaçqın və məcburi köçkün ailələrdən olan uşaqların da iştirak etdiyini bildirib.

O, bu görüşdə Mingəçevir, Yevlax, Ağdaş, Naftalan və Ucarı təmsil edən uşaqların iştirak etdiyini və onlarla fərdi şəkildə müsahibələr aparılaraq seçim edildiyini bildirib. Hər bir rayon və şəhər üzrə öz fəallığı və intellektual səviyyəsi ilə seçilən, fikirlərini sərbəst şəkildə ifadə edə bilən iki fəal uşaq, yəni bölgə üzrə 10 uşaq seçilərək Forumda iştirak hüququ əldə edib. Tədbirdə məlumat verilib ki, ölkəmizin digər bölgələrində də bu cür istedadlı uşaqların seçilməsi üçün mart-aprel aylarında belə görüşlər davam edəcək.

Regional görüşdə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Baş direktoru Aslan Aslanovun təşəbbüsü ilə yaradılan Uşaq Bilik Portalının təqdimatı olub. Beş şəhər və rayondan şagirdlərin və müəllimlərin iştirak etdiyi təqdimat mərasimində AZƏRTAC-ın əməkdaşı Xanım Nağıyeva çıxış edərək portal barədə ətraflı məlumat verib.

Çıxışlardan sonra "Qələbəyə doğru" kuboku uğrunda ümumrespublika intellektual oyunun zona mərhələsinin keçirilməsinə start verilib. Mingəçevir, Yevlax, Ağdaş, Naftalan və Ucarı təmsil edən komandaların iştirak etdiyi regional seçim turunda ümumilikdə 25 şagird iştirak edib. Hər bir komanda üzrə dünyagörüşü və intellektual səviyyəsi yüksək olan 5 məktəblinin təmsil olunduğu bu bilik yarışında onlara müxtəlif sahələr üzrə 25 sual təqdim edilib. Yarışda fərqlənən Naftalan komandası final yarışında iştirak hüququ qazanıb. Komandaların üzvlərinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin diplomları təqdim edilib. Bütün bölgələr üzrə keçiriləcək seçim turlarında qalib olacaq komandaların aprel ayında Bakı şəhərində final yarışı təşkil ediləcək. Final yarışında I, II, III yerin qalibləri olan komandalar müxtəlif hədiyyələrlə mükafatlandırılacaqlar.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top