Azərbaycan çempionatı qadınların mübarizəsi ilə start götürdü

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında 2-3 mart tarixlərində kişilər, qadınlar və ustadlar arasında Azərbaycan çempionatı keçirilir. Ağır Atletika Federasiyasından "Yeniavaz.com"a verilən məlumata görə yarışda ölkənin bütün bölgələrindən 150-yə yaxın atlet qüvvəsini sınayır. Artıq ilk yarış qrupu arxada qalıb. Qadınlar qalibləri Sinkleyr cədvəli üzrə müəyyənləşdiriblər. Qızıl medala Qazax atleti Abbasova Elnarə sahib çıxıb. O, toplam 190 kq (84+106) nəticə və 250.47 Sinkleyr xalı ilə bütün rəqiblərini üstələyib. Gümüş medalı isə qalibdən çox cüzi fərqlə geridə qalan Səbinə Əzimova qazanıb. O, toplam 167 kq (73+94) nəticə və 250.06 xalla kifayətlənib və fəxri kürsünün ikinci pilləsinə qalxıb. Bürünc medal sumqayıtlı atlet Firuzə İbrahimovaya qismət olub. O, toplam 170 kq (75+95) nəticə və 230.92 xal toplayıb.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

DİGƏR XƏBƏRLƏR

Top