Arif Rəhimzadə: "Mən elə deməmişəm"

Azərbaycan Milli Məclisinin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin Rusiyanın KM.ru xəbər portalına verdiyi müsahibə qalmaqala səbəb olub. Deputatın müsahibədə “azərbaycanlılar türk deyil” fikrini işlətməsi Azərbaycanda etirazlara səbəb olub.

Arif Rəhimzadə modern.az-a Rusiya mətbuatına verdiyi müsahibəni belə şərh edib.

““Biz türk deyilik” ifadəsinin yayılması boş söhbətlərdir. Tədbirin sonunda bir nəfər mənə yaxınlaşıb sual verdi. Mən də dedim ki, “biz etnik cəhətdən türkük, amma millət kimi isə azərbaycanlıyıq””.

Komitə sədri bildirib ki, bu yaxınlarda Rusiyadan Azərbaycana nümayəndə heyəti gəlib. Həmin heyətlə görüşdə Kəlbəcər girovları Dilqəm Əsgərov və Şahbaz Quliyev məsələsinə də toxunulub.

“Nümayəndə heyətinin tərkibində deputat, Xarici İşlər Nazirliyinin və səfirliyin nümayəndəsi vardı. O cümlədən, ictimai təşkilatlardan da adamlar gəlmişdi. Görüşdə Azərbaycan-Rusiya münasibətlərindən danışdıq. Çıxış edərək dedim ki, “Rusiya ilə münasibətlərimiz yaxşıdır. Bu, hər zaman belə olacaq. Rusiya vasitəsilə Avropa mədəniyyətinə, Avropa tarixinə, incəsənətinə, ədəbiyyatına yiyələnmişik. Bunu çox yüksək qiymətləndiririk”.

Sonra dedim ki, “Rusiya-Azərbaycan münasibətlərindən çox danışmaq olar. Amma mən danışmaq istəmirəm. Ona görə ki, münasibətlərin iki qatı var. Üst qatdan danışmaq istəmirəm. Alt qatdan danışmaq istəyirəm”.

Alt qatdan danışarkən dedim ki, “nəyə görə indiyə kimi Ermənistanın qondarma genosid məsələsi ilə əlaqədar Rusiya Duması qərar qəbul edib, ancaq Xocalı faciəsi ilə əlaqədar bir kəlmə də demir?! Nəyə görə Dilqəm Əsgərov Ermənistanda tutularaq həbs olunub?! Bəs nəyə görə o, Rusiya vətəndaşı olduğu halda, haqqında Xarici İşlər Nazirliyinin bir hərəkəti yoxdur. Amma Lapşin haqqında müraciət edirsiniz ki, azad olunsun. Nəyə görə?! Biz azərbaycanlı olduğumuza görə?! Bunları demişəm. “Biz türk deyilik” ifadəsi səsləndirməmişəm”.

***

15:03

Azərbaycan Milli Məclisinin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə KM.ru rus xəbər portalına qalmaqallı müsahibə verib. Bildirib ki, azərbaycanlılara “türk” deyilməsi düzgün deyil, çünki azərbaycanlılar türk sayılmır. Müsahibənin mətbuatda qısa ixtisarla dərc edilib.

-Əgər beynəlxalq səviyyədə tanınmadan deyil, tarixən formalaşmış şərtlərdən danışsaq o zaman Azərbaycan hansı əsaslarla Dağlıq Qarabağı öz ərazisi hesab edir?

-1828-ci ildə Türkmənçay müqaviləsinin imzalanmasından sonra Rusiya Dağlıq Qarabağa İrandan 40 min erməni köçürdü. Ermənilər əvvəllər orada yox idi, azərbaycanlılar isə Dağlıq Qarabağın hər yerində yaşayırdı. Maraqlı ştrix: Qriboyedov həmin qərarın əleyhinə çıxırdı. O, yazırdı, xəbərdarlıq edirdi ki, bunu etmək olmaz. Azərbaycanlılar narazı idi və doğrudan da xəzinə torpaqlarının bölüşdürülməsi zamanı üstünlük ermənilərə verildi.

-Rusiyanın ermənilərə dəstəyini necə izah edirsiniz?

-Bu suala cavab vermək üçün ayrıca ilkin izahat lazımdır. Xatırladıram ki, Azərbaycan ərazisində tarixi Alban çarlığı yerləşib, orada alban kilsəsi olub. Ümumiyyətlə ermənilər Suriyadan Azərbaycana təkcə ticarətçilər kimi yox, dini xətt üzrə də köç ediblər, Kilsə nümayəndələri kimi.

Beləliklə, ermənilər Rusiyadan xahiş ediblər ki, Alban kilsəsinin Erməni kilsəsinə tabe olunmasına kömək etsin. Belə də edilib. Beləliklə, ermənilərin regionda rolu kəskin artıb. Bildiyiniz kimi Azərbaycanda islam yayılıb, ancaq Alban kilsəsi icmaları da anklav kimi fəaliyyət göstərib. Rusiyada isə azərbaycanlılara türk kimi baxırdılar, beləliklə, Peterburqda qərara aldılar ki, həmin torpaqlara erməniləri köçürməklə “xristian zolağı” yaratsınlar.

-Axı biz həmişə eşitmişik ki, azərbaycanlılar və türklər eyni xalqdır...

-Bu, səhvdir! Bəli, biz azərbaycanlılar türklərlə ümumi köklərə malikik, ancaq xalqlarımız tamam ayrıdır.

-Bəyəm inqilaba qədər azərbaycanlılar termini istifadə edilirdi?

-Azərbaycanlılar dini kimlik istifadə edirdilər və özlərini “müsəlman” adlandırıdılar, Rusiyada isə həmin əhalini “tatarlar” hesab edirdilər. İstənilən halda biz türk deyilik, türklər tamam ayrı millətdir. Ancaq çar hökuməti “türk təsirinə” qarşı ermənilərin regiona köçürülməsini stimullaşdırdı. Bizim bədbəxtliyimiz ondadır ki, Rusiyada bizi türk hesab edirdilər, çünki Rusiyadan bu belə görünürdü, ona görə də çar hökuməti regionda ermənilərə arxalanmağı qərara aldı.

virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top