Azərbaycanda artezian suyunu kəhriz suyu adı altında satırlar

Azərbaycanda bir çox istehsalçılar öz məhsullarını alıcılara satdıra bilmək üçün müxtəlif variantlara əl atırlar. Onlardan biri də məhsullara tamamilə fərqli adın verilməsidir. Təəssüf ki, bir çox hallarda dövlət qurumları da buna şərait yaradırlar, edilən müraciətlərə yuvarlaq cavab verirlər.

"Yeniavaz.com" xəbər verir ki, bugünlərdə evində içmək üçün "krant" suyundan istifadə etmək istəməyən vətəndaşlardan biri Bakıda qəribə bir hadisənin şahidi olub. Belə ki, marketlərin birində evə təmiz su almaq istədiyini bildirən həmin şəxsə kəhriz suyu almaq təklif edilib. Bildirilib ki, kəhriz suyu çox keyfiyyətli və "krant" suyundan fərqli olaraq insan orqanizminə çox xeyirlidir. Həmin şəxs də satıcının dediyinə əsaslanıb bir neçə qab su alıb evə gətirib: "Qablaşdırmanın üzərinə yazılan yazını oxuyanda isə ailəlikcə xeyli təəccübləndik. Suyun mənbəyinin artezian olduğu yazılmışdı. Yəni "Kəhriz" adı ilə qablaşdırılan bu su Bakı kəndlərindən birində yerləşən arteziandan çıxırmış. Axı necə ola bilər ki, artezian suyunu "Kəhriz" adı ilə satasan? Düşünürəm ki, mənim kimi belə məhsulların adına əsaslanıb alan və aldanan vətəndaşların sayı kifayət qədərdir. Mən "krant" suyunu içmək üçün uşaqlarıma vermək istəmirəm, ona görə qablaşdırılmış su aldım. Amma sən demə, artezian suyu imiş. Biz demirik ki, artezian suyu pisdir, amma hər halda hamı bilir ki, artezian suyu başqadır, kəhriz suyu başqa. Elə istehsalçılar da yaxşı bilirlər ki, insanlarımız kəhriz suyunun artezian suyu ilə müqaisədə daha keyfiyyətli və dadlı olduğunun fərqindədir - ona görə bu adı seçiblər. Suyu qablaşdırarkən adını "Artezian suyu" qoysaydılar, heç kim almazdı".

"Alıcıların çoxu saxta ad seçiminə inanırlar"

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da belə halların istehlakçıların aldadılması, çaşdırılması olduğunu bildirir. Onun sözlərinə görə, bu təkcə bir sahəni əhatə eləmir, bir çox istehsal sahələrində eyni problem yaşanır: "Bir çox istehsalçılar ya öz mallarını xarici dildə markalayırlar, ya da başqa ad qoyurlar. Bu istehlakçıların hüquqlarının pozulmasıdır, aldadılmasıdır. Təəssüf ki, alıcıların çoxu saxta ad seçiminə inanırlar. Ona görə də hər bir vətəndaşımız məhsulu almamışdan öncə qablaşdırmanın üzərindəki yazını oxumalıdır. Təəssüf ki, alıcıların bir xeyli hissəsi buna əhəmiyyət vermir. Əgər dövlət qurumları belə hallarla zəif mübarizə aparırsa, vətəndaş özü də bununla mübarizə apara bilər - almamaqla. İstehsalçı görsəki onun malını alan yoxdur, istehsal etməyəcək. Bir dəfə də demişdim. "İvanovka" mal nişanı ilə saxta məhsullar buraxılır. Bu adı görən vətəndaşlarımız elə bilirlər ki, həmin kənddə istehsal olunub bu məhsul. Təəssüf ki, İqtisadiyyat Nazirliyi belə hallarla istənilən səviyyədə mübarizə aparmır. Konkret faktla bağlı bu Nazirliyə müraciət edirsən, yuvarlaq bir cavab verirlər".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top