Mətbuat Şurasının sədri KİV əməkdaşlarından xahiş edir: "Bu məsələlərdə ehtiyatlı olun"

"Yəqin ki, yaxın vaxtlarda jurnalistləri təmas xəttinə aparacağıq". "Yeniavaz.com" xəbər verir ki, bu sözləri "İlham Tumasla 40 dəqiqə" verilişinə canlı qoşulan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov deyib. O, verilişi izləyən tamaşaçının "Nəyə görə jurnalistlərə ön xəttə çəkiliş aparmasına icazə verimir?" sualını cavablandırıb. Bildirib ki, bu sual çox yerində verilmiş sualdı: "Biz bununla bağlı Müdafiə Nazirliyi (MN) ilə müəyyən müzakirələr aparmışıq. Ümumiyyətlə çox vaxt olub ki, biz MN-nin xətti ilə döyüş bölgəsində, təmas xəttində olmuşuq. Hətta MN-nin xətti ilə bu yaxınlarda bir qrup jurnalist Cocuq Mərcanlıda oldular. Yəqin ki, yenə də yaxın vaxtlarda jurnalistləri təmas xəttinə də aparacağıq. Jurnalistlər orada çəkilişlər aparacaqlar, yerli əhali ilə görüşcəklər, baş verən hadisələrin şahidi olacaqlar".

Verilişin aparıcısı İlham Tumas, son günlərdə cəbhə xəttində baş verənlərlə bağlı mətbuatımızın işini necə qiymətləndirirməsi ilə bağlı sualına isə MŞ-nın sədri belə cavab verdi: "Son günlərdə xoşa gəlməz bir neçə məqam oldu. Hətta MŞ dünən ölkə jurnalistlərinə müraciət ünvanladı. Mən də öz fikrimi jurnalistlərlə bölüşdüm. Bizim şəhid olmuş əsgərlərimizin ermənilər tərəfindən çəkilmiş videolarının xəbər portallarında, sosial şəbəkələrdə yerləşdirilməsi ürəkaçan məsələ deyil. Dəfələrlə xatırlatmışıq ki, biz müharibə vəziyyətindəyik. Təmas xəttindən informasiyalar daxil olursa, həssas yanaşmaq lazımdır. Təsəvvür edin həmin görüntülərdə əsgər qohumları, valideynləri, insanlar baxır. Eyni zamanda səngərdə olan əsgərlərimiz baxır. Onlar hansı əhval ruhiyyədə olarlar?! Ümumiyyətlə biz bunu düşmən dəyirmanına su tökmək kimi qiymətləndirdik. Bir daha fürsətdən istifadə edib, sizin vasitənizlə KİV əməkdaşlarından xahiş edirəm ki, bu məsələlərdə kifayət qədər ehtiyatlı olsunlar".

Qeyd edək ki, verilişin digər qonaqları millət vəkili Musa Quliyev, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu və ehtiyatda olan mayor Rasim Fərşidov olub.

Rasim Məmmədli

DİGƏR XƏBƏRLƏR

Top