İŞİD terror qruplaşmasının başçısı Əbu Bəkr əl-Bağdadi çıxışında son hərbi əməliyyatlarda İŞİD-in məğlub olduğunu etiraf edib və tərəfdarlarını dağlıq ərazilərdə gizlənməyə çağırıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə “Alsumaria” telekanalı İraqın Neynəvə vilayətindəki mənbəyə istinadən xəbər verir. Mənbə bildirib ki, əl-Bağdadi nitqini vida çıxışı kimi adlandırıb və onu İŞİD-in vaizləri arasında yayıb: “Əl-Bağdadi qruplaşma ilə nə baş verdiyini də izah edib. Vaizlər qruplaşmanın Neynəvə əyalətində məğlubiyyətləri barədə danışmağa başlayıblar”.
Qeyd edək ki, İraq hərbçiləri və ABŞ-ın başçılıq etdiyi koalisiyanın Mosulun azad edilməsi üzrə əməliyyatı 2016-cı ilin oktyabrında başlayıb. Daha əvvəl şəhərin şərq hissəsi azad edilmişdi. Fevralın ortalarında isə İraqın baş naziri Heydər əl-İbadi şəhərin qərb hissəsinin azad edilməsi üzrə əməliyyatın başlandığını elan etmişdi.