Hüquqşünas: "Qızını gənc yaşda zorla ərə verən valideyn onu öz əli ilə qətlə yetirir"

Ətrafımızda, qohumlarımızda, qonşularımızda və s. gənc qızların erkən yaşda ailə qurması hadisələrinə çox rast gəlirik. Xüsusilə də regionlarda bu hal daha çox yaşanır. Azərbaycan qanunvericiliyində qoyulmuş qanuni evlilik yaşına çatmayan gənc qızlar ailələri tərəfindən zorla ərə verilir. “Qız yükü duz yükü”, “Tez evlənənlə tez yuxudan duran qazanar” kimi sözlərlə övladlarını erkən yaşda nikaha məcbur edən ailələr özlərini valideynlik borcundan çıxmış sayırlar. Ailənin nə demək olduğunu dərk etməyən qızlar təhsil almaq, uşaqlığını yaşamaq istəsə də valideynlər mentalitet naminə onlara etiraz edir, uşaqların səsini çıxarmağa belə haqqı olmur. Lakin köhnədüşüncəlilik, valideynlərə erkən nikahın sonradan yarada biləcəyi fəsadlar barədə fikirləşməyə imkan vermir. Regionlarda, yaşayışın çətin olduğu yerlərdə gənc qızlar erkən yaşda ailə qurmaq barədə düşünmür, əksinə onlar təhsil alıb özləri üçün gözəl gələcək qurmaq istəyir. Bunu başa düşməyən valideynlər, maddi durumu bəhanə edərək qızlarına təhsil almağa imkan vermir. Zorla ərə verilən qızlarda da gələcəkdə boşanma hadisələri çox yaşanır. Ancaq elə gənc qızlar da var ki, onların elə özlərinin erkən yaşda ailə qurmağa meyli olur. Bu kimi hadisələr onlarda evdə qalmaq, ailə qura bilməmək qorxusundan yaranır. Rəsmi statistikaya əsasən son altı ildə 22 min 830 nəfər 15-17 yaş arası gənc qız ailə qurub ki, onlardan dünyaya gələn uşaqların da sayı 20 min 777-dir.

“Erkən nikaha səbəb olan ən başlıca amillərdən biri milli mentalitetimizdir”

Mövzu ilə bağlı sosioloq Cavid İmamoğluna müraciət elədik. O, “Yeniavaz.com”a açıqlamasında bildirdi ki, ümumiyyətlə erkən nikah Azərbaycan Respublikası qanunvericiliyinə ziddir: “2011-ci ildən Azərbaycanda nikah yaşı 18 yaş təyin edilib, həm kişilər, həm də qadınlar üçün. Əgər evlənən tərəflərdən birinin yaşı 18-dən aşağı olarsa bu, qeyri-rəsmi evlilik hesab olunur. Azərbaycanda bu cür evliliklərin sayı az deyil. Xüsusilə də regionlarda, paytaxtdan kənar ərazilərdə və əhalinin təhsil səviyyəsinin aşağı olduğu bölgələrdə bu hallara tez-tez rast gəlinir. Maddi durumun aşağı olması da bu faktorlardandır. Erkən nikah istər oğlanlara, istərsə də qızlara müxtəlif yollarla təsir edən gender halıdır. Nəinki Azərbaycanda, elə dünyada da erkən yaşda ailə quranlar oğlanlara nisbətən daha çox qızlardır. Erkən ailə quran qızlar istər qeyri-bərabər münasibətlər zəminində, istərsə də məişətdə zorakılıq formalarına məruz qalır. Qızlar hamilə olduqda da fiziki cəhətdən bu prosesə hazır olmur. Bu da öz növbəsində qızların sağlamlığında öz təsirini göstərir. Erkən nikah quran qızlar övladlarını da ev şəraitində, kustar üsullarla dünyaya gətirirlər”.

Ekspert C.İmamoğlu, erkən nikaha səbəb olan bir sıra faktorların olduğunu dedi. Bildirdi ki, bunlardan ən başlıcası mentalitet adlandırdığımız mövcud adət-ənənədir: “Buraya müxtəlif dini inancları da daxil etmək olar. Həmçinin, ailənin sosial-iqtisadi vəziyyəti və yaşadığı mühit də erkən nikaha səbəb olan amillərdəndir. Çox vaxt valideynlərin 12-16 yaş arası qızlarını ərə verməkdə məqsədi yükdən azad olmaqdır. Həmçinin hər hansı bir varlı ailə ilə qohum olub iqtisadi asılılığı azaltmaq üçün də öz övladlarından sui-istifadə edirlər. Bütün bu hallardan kənar təbii ki, bir-birini sevən cütlüklər də olur. Heç bir təzyiq olmadan, öz istəkləri ilə birgə həyatı bölüşmək istəyən gənclər də var. Belə olan hallarda Azərbaycanda müvafiq icra orqanının qərarı ilə minimum evlilik yaşı qızlarda 17-ə endirilə bilər. Ümumiyyətlə evlilik yaşının 18 olması o deməkdir ki, bu yaşdan sonra tərəflər evliliyə ən azından müəyyən qədər hazır olurlar. Azərbaycandakı mövcud durum onu göstərir ki, insanların, xüsusilə region ərazilərdəki əhalinin erkən nikah barədə maariflənməyə ehtiyacı var. Ən əsası yeniyetmələr arasında ailə, cinsi tərbiyə və s. bu kimi mövzularda maarifləndirmə işləri artarsa təbii ki, bu problemlərin müəyyən qədər qarşısı alına bilər”.

"Yetkinlik yaşına çatmayan qızı, üstəlik zorla ərə vermək iki qat qanun pozuntusudur"

Mövzu ilə bağlı hüquqşünasa da müraciət etdik. Hüquqşünas Günel İbadova erkən nikah problemi ilə bağlı suallarımızı cavablandırdı. Ekspertin sözlərinə görə, ilk dəfə erkən nikah dəhşəti ilə məktəbdə rastlaşıb: "Paytaxda anadan olmuşam və sinif yoldaşım 8-ci sinifdə oxuyarkən qaçırılmışdı. Hətta deyilənə görə adamlar sinif yoldaşımın evlərinə soxulub, anasını və yaşlı nənəsini döyüb, qızı götürüb qaçmışdılar. İllər sonra həmin sinif yoldaşımla təsadüfən yolda rastlaşdım. Məndən ən az on yaş böyük görünürdü və həyatı haqqında cümlələri ancaq keçmiş zamanda qururdu. Onun gözlərində gələcəklə, özü ilə bağlı heç bir ümid yox idi. Bu məni hədsiz dərəcədə sarsıtmışdı. Mən o vaxt universitetin hüquq fakültəsində oxuyurdum. Bilirdim ki, onun bu “ailə”si qanuna zidd qurulub. Amma təəssüf ki, o, bundan bixəbər idi. Bircə “adətlərimiz qara gəlsin”lə özünü ovudurdu. Onun hüquqi dövlətin, qanunların varlığından xəbəri yox idi. Çünki bizə məktəbdə bunları öyrətmirlər. Bu problemin başlıca səbəblərindən biri Azərbaycanda vətəndaşların hüquqi maarifləndirilməməsi və iqtisadi durum faktorlarıdır".

Hüquqşünas, Azərbaycan Republikasının Ailə Məcəlləsinin 10-cu maddəsində konkret olaraq vətəndaşların nikah yaşının 18 yaş müəyyən olunduğunu bildirdi: "Rayonlarda yaşayan uşaqlar bunu bilirmi? Hesab edirəm ki, orta təhsil müəssisələrinə hüquqşünaslar dəvət edilməli və şagirdlər öz ən vacib hüquqlarından xəbərdar olmalıdırlar. Üstəlik, bu Məcəllənin 11-ci maddəsində nikahın bağlama şərtlərindən biri hər iki tərəfin yazılı razılığının olması, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmalarının zəruriliyi qeyd olunur.
Yəni 18 yaşına çatmayan, nikah üçün tibbi cəhətdən hazır olmayan və könüllü razılığı olmayan heç bir vətəndaş ailə qura bilməz. Bu qaydalara əməl edilməməsi birbaşa qanun pozuntusudur".

G.İbadova bildirdi ki, erkən nikahın əsas səbəblərindən biri də iqtisadi durumdur. Onun sözlərinə görə, çoxuşaqlı, aztəminatlı ailələrdə bəzən valideynlər çalışır ki, qız uşaqlarını tez ərə versinlər və nisbətən evdəki qayğı və xərclərdən azad olsunlar: "Onların bəzən orta təhsil almasına belə şərait yaradılmır. Halbuki, ən yaxşı halda belə nikahlar adətən tez pozulur və ərə verdikləri qızları nəvələri ilə yenidən onların himayəsinə qayıdır. Bir övladdan “qurtulmaq” istədikləri halda, iki, üç nəfər daha da artıq ailə üzvlərinin sayı artır. Ən pis halda isə övladları daimi şiddət və psixoloji pozğunluq içərisində həyatlarına son verir.

Yetkinlik yaşına çatmayan qızı, üstəlik zorla ərə vermək iki qat qanun pozuntusudur. Uşaqların erkən yaşda ailə qurması problem deyil, faciədir. Gənc qızın həyatına son verməkdir. Qızını gənc yaşda zorla ərə verən valideyn onu öz əli ilə qətlə yetirir. Tək qızlarını deyil, nəvələrini də cahilliyə məhkum edir. Təsəvvür edin ki, bir uşağı 13, 14, 15 yaşlı qız uşağı tərbiyə edir, böyüdür. Bu sizcə nə qədər ağlabatandır? 13-18 yaş arası bir qızın böyütdüyü uşaq cəmiyyətə nə verə bilər? Erkən yaşda qızlarını ərə verənlər cəmiyyətimizi cahilliyə məhkum edir".

Gülarə Kərimova

DİGƏR XƏBƏRLƏR

Top