Azərbaycanda mart ayı ərzində bayram və istirahət günləri nəzərə alınmaqla, 14 günədək qeyri-iş günü olacaq.
Ay ərzində 2 bayram qeyd olunacaq.
Ölkə qanunvericiliyinə uyğun olaraq, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə 1 gün, Növruz bayramı münasibəti ilə 20-24 mart tarixləri, yəni 5 gün qeyri-iş günü hesab edilir. Bu il Novruz bayramı günlərində 5 günlük iş həftəsi ilə işləyənlər 9 gün, başqa sözlə, martın 18-dən 27-dək (martın 27-də iş günü olacaq) istirahət edə biləcəklər.
Ümumilikdə, bayram və istirahət günləri nəzərə alındıqda dövlət müəssisələrində 5 günlük iş həftəsi ilə çalışan işçilər mart ayı ərzində 14 gün, 6 günlük iş həftəsi ilə çalışanlar 10 gün istirahət edə biləcəklər.
Qeyd edək ki, 2017-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan 5-i bayramqabağı, 1-i Ümumxalq hüzn günü qabağı iş günləridir), iş günü hesab edilməyən 110 istirahət günü (onlardan 4-ü iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən, 1-i isə Ramazan bayramının bir gününün iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşən), iş günü hesab edilməyən 17 bayram (4-ü istirahət günləri ilə üst-üstə düşən) və 1 Ümumxalq hüzn günü var.
Azərbaycan Respublikasının 30 dekabr 2005-ci il tarixli “Əmək Məcəlləsində əlavə və dəyişikliklərin edilməsi haqqında” Qanununa əsasən, bayram günləri həftə sonuna düşdükdə, bu bayramlar növbəti iş günlərinə keçirilir.(oxu.az)