Ötən gecə İstanbulda silahlı hücuma məruz qalan azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranski dünyasını dəyişməyib, o, hazırda İstanbul Şişli Etfal Xəstəxanasında reanimasiya şöbəsindədir. Bu açıqlamanı Lent.az-a Şişli Etfal Xəstəxanasından veriblər. Telefonumuza cavab verən xəstəxana əməkdaşı bildirib ki, ötən gecə xəstəxanaya gətirilən azərbaycanlı yaralı ölməyib və hazırda reanimasiyadadır: "Mən xəstəni az öncə görmüşəm, o, ölməyib, reanimasiyadadır".
Ancaq “Report”a Rövşən Lənkəranskinin yaxınları onun artıq dünyasını dəyişdiyini bildirib.
Məlumata görə, Lənkəranskinin qardaşı Namiq Canıyev hazırda Türkiyədədir. O, qardaşının cənazəsinin Azərbaycana gətirilməsi ilə bağlı sənədləşmə işləri ilə məşğuldur.
Hazırda Lənkəran şəhərində hüzr məclisinə hazırlıq işləri gedir. Yas məclisi Canıyevlərin Kiçik Bazar məhəlləsində yerləşən evində keçiriləcək. Lənkəranski həmin məhəllənin Sardaxlı qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, hadisə İstanbul şəhərində baş verib. Belə ki, Barbaros Bulvarında, otellərdən birindəki toplantıdan dövlət seriya nişanı “90 ND 011” nişanlı avtomobillə ayrılan R.Lənkəranski digər maşınla otelin önünə gələn 2 nəfərin silahlı hücumuna məruz qalıb.
Hadisə nəticəsində R.Lənkəranski və adı hələlik məlum olmayan sürücü yaralanıb.
İş adamına hücum etmiş silahlı şəxslər hadisə yerindən qaçıblar. R.Lənkəranski və sürücüsü xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq sürücünün həyatını xilas etmək mümkün olmayıb.
Polis cinayətkarların axtarışına başlayıb.