Rusiyanın iri əlbəyaxa döyüş təşkilatı “Fight Nights Global” qarışıq əlbəyaxa döyüş ustası erməni əsilli Vartan Asatryanla müqaviləni pozub. “Yeniavaz.com”un “Life.ru”ya istinadən verdiyi məlumata görə, buna səbəb Rusiya adına çıxış edən 23 yaşlı V. Asatryanın döyüşlər zamanı qondarma Dağlıq Qarabağ qurumunun “bayrağı”ndan istifadə etməsi olub. Məlumatda deyilir ki, V. Asatryanın əlbəyaxa döyüş klubundan uzaqlaşdırılmasına səbəb kimi onun etnik normaları pozması göstərilir. Belə ki, erməni əsilli idmançı siyasi məzmunlu rəmzin olduğu ekipirovkadan istifadə edib. “Fight Nights Global” döyüşçüsünün müqaviləsində müvafiq bənd olub. Lakin V. Asatryan 2016-cı ilin oktyabrında edilmiş xəbərdarlığa məhəl qoymayaraq təkrar pozuntuya yol verib. Həmin vaxt V. Asatryan şortunda qondarma qurumun “bayrağı”nın təsvirindən istifadə etmişdi.