Cəbhədə baş verənlərlə bağlı jurnalistlərə çağırış

"Mətbuat Şurası cəbhədə vəziyyətin gərginləşdiyi dönəmlərdə Azərbaycanın kütləvi informasiya vasitələrinə çağırışlar edir. Hadisə və proseslərə münasibətdə həssas olmağın vacibliyini vurğulayır. Eyni çağırışı yenə də edir, eyni həssaslığı və diqqəti bir daha gözləyirik". "Yeniavaz.com" xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov "facebook" səhifəsində bildirib.

"Hərçənd müşahidələrimiz onu deməyə əsas verir ki, tələskənliyə yol verən, hansısa formada populyarlıq qazanmağı hədəf seçərək media orqanları kimi fəaliyyət göstərdiyini iddia edən kimlərsə var. Belələri heç bir halda kütləvi informasiya vasitəsi olaraq qəbul edilməyəcəklər.

Nəzərə alınmalıdır ki, pozitiv və neqativ məzmunundan asılı olmayaraq düşmən qüvvələr istər özlərinin, yaxud özlərinə yaxın dairələrin internet informasiya ehtiyatlarında, istərsə də sosial şəbəkələrdə Azərbaycanın milli maraqlarına uyğun olmayan, beynəlxalq imicinə ləkə gətirən xəbərləri dövriyyəyə buraxırlar. Belə durumlarda media təmsilçilərimizin daha diqqətli olmaları şərtdir. 2016-cı ilin “aprel müharibəsi” dönəmində biz müəyyən istisnalarla da olsa, həssaslığı və diqqəti gördük. Yenə də görəcəyimizə əminik.

Əvvəllər də dediyimiz kimi, bu sayaq durumlarda əsas olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə istinaddır. Hər bir jurnalistin peşə borcu məhz bu dövlət qurumunun informasiyalarına söykənməkdən, əldə etdiyi məlumatları mütləq şəkildə onunla dəqiqləşdirməkdən ibarətdir. Başqa cür fəaliyyət təkcə peşə dəyərlərimizə deyil, qanunlarımıza da zidd sayılacaqdır.

Hər kəs düşünsün ki, kimin tələskənliyə yol verdiyini, kimin bilərəkdən cəmiyyəti yanlış məlumatlandırdığını müəyyənləşdirmək kritik durumlarda əlavə vaxt itkisidir. Qanunun isə yalnız bir mütləq təbiəti var. Heç kəs məsuliyyət hissini unutmasın. Unutmasın ki, ən böyük məsuliyyətimiz Vətən qarşısındakı məsuliyyətimizdir. Vətənə sevgimizi məsuliyyətimizlə, peşəkarlığımızla isbatlayaq"- deyə Əflatun Amaşov bildirib.

"Yeniavaz.com" xəbər verir ki, ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov da bəzi məqamları redaksiyaların özünəməxsus şəkildə təqdim etməsinə təəccübləndiyini açıqlayıb: "Çox xahiş edirəm, dərc edilən yazının təkcə başlığını oxuyub özünü qəhrəman göstərmək istəyən bəzi yoldaşlar əsəblərimizlə oynamasınlar. Yazını, deyilən fikirləri diqqətlə oxuyub sonra ya tənqid, ya da öz arzu və istəklərinizi nə qədər istəyirsiniz yazın. Bəzən mən özüm verdiyim açıqlamaları oxuyanda bəzi məqamları redaksiyanın, ya jurnalist dostumuzun özünəməxsus şəkildə təqdim etməsinə təəccüblənirəm. Hər bir saytın öz yanaşması, öz qaydaları var. Ona görə də, yazıların təkcə başlığını oxuyub dərhal nəticə yazmayın. Hər birinizə təşəkkürlər".

DİGƏR XƏBƏRLƏR

Top