Nazir: "Xudafərin kəndi ermənilər tərəfindən tamamilə dağıdılıb"

"Dəmir yolu xətləri belə erməni acgözlüyünün qurbanı olub, reyslər və şpallar sökülərək daşınıb".

"İran tərəfi ilə birlikdə Araz çayı üzərində reallaşdırılan "Xudafərin və Qız Qalası" layihəsinin icrası ilə tanış olduq. Hələ sovet dövründə bu məsələ uzun müddət müzakirə mövzusu olub və bu istiqamətində xeyli danışıqlar aparılıb". "Yeniavaz.com"a İqtisadiyyat Nazirliyindən verilən xəbərə görə, bunu nazir Şahin Mustafayev İrana səfərinin yekunları ilə bağlı açıqlama verərkən deyib.

Onun sözlərinə görə, yalnız Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti nəticəsində 2016-cı il 23 fevral tarixində "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin" və "Qız qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş"i imzalanıb.

Nazir deyib ki, "Xudafərin və "Qız Qalası" Sazişində hər iki ölkənin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipləri bəyan edilir, BMT qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin zəruriliyi, hər iki tərəfin su və enerji ehtiyatlarına bərabər hüquqları vurğulanır: "Bu layihə bir daha göstərir ki, işğalçı Ermənistanın səylərinə baxmayaraq beynəlxalq hüquq və haqq-ədalət Azərbaycanın tərəfindədir. Bu ərazilərin işğal altında olmasına baxmayaraq, Azərbaycan iqtisadi fəaliyyət göstərir. Ermənistanın işğalçı siyasəti heç bir nəticə vermir və bu ərazilər üzərində Azərbaycan öz suveren hüquqlarını həyata keçirir".

Şahin Mustafayevin sözlərinə görə, Azərbaycan nümayəndə heyəti layihənin gedişi ilə tanış olarkən erməni vandalizminin, vəhşiliyinin bir daha şahidi olub: "Azərbaycanın Xudafərin kəndi ermənilər tərəfindən tamamilə dağıdılıb, evlər yerlə yeksan edilib, infrastruktur tamamilə məhv edilib. Dəmir yolu xətləri belə erməni acgözlüyünün qurbanı olub, reyslər və şpallar sökülərək daşınıb. Artıq torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində ən ciddi addımlar atılır. "Xudafərin" və "Qız qalası" layihəsinin Azərbaycanın işğal olunmuş ərazilərində icrasına başlanılması da bunu bir daha sübut edir. İşğaldan azad edilmiş Cocuq Mərcanlıda Prezident İlham Əliyevin tapşırığı ilə bərpa və geniş quruculuq işlərinə başlanılıb. "Xudafərin" və "Qız qalası" layihəsi Prezident İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin siyasi iradəsinin, ölkələrimiz arasında strateji əməkdaşlıq səviyyəsinə yüksəlmiş əlaqələrin təzahürüdür".

Politoloq: "Arazın bu tayı ilə o tayındakı azərbaycanlılar arasında təmas genişlənir"

"İranla iqtisadi, ticarət və nəqliyyat əlaqələrinin inkişafı şimallı və cənublu bütövlükdə Azərbaycanın və azərbaycanlıların xeyrinədir. Bu mənada iqtisadi inkişaf naziri Şahin Mustafayevin iranlı həmkarı ilə Tehranda deyil, məhz Güney Azərbaycanın şəhərlərində keçirdiyi birgə iqtisadi tədbirlərə müsbət baxıram". "Yeniavaz.com"un məlumatına görə, bunu isə politoloq Elxan Şahioğlu bildirib.

"Hardan baxsaq Azərbaycanla İran arasındakı əməkdaşlığın genişlənməsi Arazın bu tayı ilə o tayındakı azərbaycanlılar arasında təması və gediş gəlişi artırır. İranın Neftçalada zavod tikməsi, Pirallahıda dərman istehsal edən fabrikin inşasına başlaması, iki ölkəni birləşdirən dəmiryolu tikintisinin sona yaxınlaşması və planlaşdırılan digər ortaq layihələr əlaqələrə xidmət edəcək. Qəbələ ilə Urmiya arasında təyyarə reysinin açılması da yaxşı xəbər oldu. Novruz bayramında İrandan Azərbaycana xeyli turistin gələcəyini proqnozlaşdırmaq olar",-deyə politoloq bildirib.

Politoloq qeyd edib ki, soyuq müharibə illərində Berlin iki hissəyə bölünmüşdü, Qərbi Berlin parıldayır, şən həyat, əyləncə mərkəzləri və daha nələr divarın şərq hissəsindəki əhalinin diqqətini çəkirdi: "Şərqli berlinlilər qərbi berlinlilər kimi yaşamaq istəyirdilər və bir gün sakinlər divarı sökdülər, şərqli berlinlilər qərbli berlinlilərə qovuşa bildilər, iki xalq biləşdi".

DİGƏR XƏBƏRLƏR

Top