Türkiyə Xarici İşlər Nazirliyi Xocalı faciəsi ilə bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, Ermənistan qoşunları tərəfindən 1992-ci il fevralın 26-da Azərbaycanın Yuxarı Qarabağ bölgəsində Xocalı şəhərinə hücum edilməsi nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla ümumilikdə 613 Azərbaycan vətəndaşı qətlə yetirilib. “1275 nəfər əsir götürülüb, 150 insanın taleyindən isə bugünə qədər xəbər yoxdur. Bu gün Azərbaycan torpaqlarının 1/5 hissəsi işğal altındadır, 1 milyona yaxın azərbaycanlı bacı və qardaşlarımız qaçqın həyatı yaşamağa davam edir.
Türkiyə olaraq azərbaycanlı qardaşlarımızın 25 il əvvəl Xocalıda məruz qaldıqları bu vəhşiliyin acısını hər zaman qəlbimizin ən dərinliklərində hiss edir, bu kədəri ən dərin duyğularımızla paylaşırıq. Bu insanlıq faciəsini törədənlər tarix qarşısında və vicdanları önündə məhkum olaraq qalacaqlar. Ermənistan qüvvələri tərəfindən gerçəkləşdirilən bu qətliamı və Azərbaycan torpaqlarının illərdən bəri davam edən işğalını kəskin şəkildə qınayırıq. Bu faciədə həyatını itirənlərə bir daha Allahdan rəhmət diləyir və onların xatirəsi qarşısında hörmətlə baş əyirik”, - deyə bəyanatda vurğulanıb.