Kənd təsərrüfatı naziri Heydər Əsədov vəzifəsindən getdi? - AÇIQLAMA

Bir çox saytlarda və sosial şəbəkələrdə Kənd təsərrüfatı naziri Heydər Əsədovun işdən azad olunması ilə bağlı xəbərlər yayılıb. Xəbərlərdə iddia olunur ki, aqrar sektora cavabdeh olan bu nazirlik İqtisadiyyat Nazirliyinə birləşdiriləcək.

Yayılan məlumatlarda Kənd Təsərrüfatı Nazirliyində təhvil-təslim, çamadan ab-havasının hökm sürdüyü qeyd olunub.

"Ölkənin neft gəlirlərinin azalması və qlobal iqtisadi böhranın artıq Azərbaycanda hiss olunması hökuməti dövlət xərclərini azaltmağa və ixtisarlara məcbur edir. Kənd Təsərrüfatı Nazirliyi ləğv edilir, səlahiyyətləri İqtisadiyyat Nazirliyinə verilir. Nazir Heydər Əsədov tutduğu vəzifəsindən azad olunub. Məlumatın yaxın dəqiqələrdə hakimiyyətə yaxın saytlarda yayımlanacağı gözlənilir. Arqument budur ki, kənd təsərrüfatı müəssisələrinin mütləq əksəriyyəti özəlləşdirildiyi halda, aqrar sektorun idarə edilməsi üçün ayrıca bir nazirliyin saxlanılmasına ehtiyac yoxdur, nazirliyin ən vacib funksiyaları başqa nazirliklərə verilməklə bu qurumu ləğv etmək daha effektlidir",-deyə yayılan xəbərlərdə bildirilir.

Bəs yayılan bu məlumatlar nə qədər doğrudur? "Yeniavaz.com" saytı Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifədə çalışan şəxslərdən biri ilə əlaqə saxlayaraq məlumatı dəqiqləşdirməyə çalışıb. Həmin şəxs yayılan xəbərləri təkzib edib: "Bu xəbərlərin əsası yoxdur. Nazirlikdə iş həmişəki qaydada gedir. Birləşdirmə, nazirin işdən çıxarılması barədə yazılanların əsası yoxdur".

Həmin şəxsin sözlərinə görə, hazırda nazirliyin yüksəkvəzifəli şəxsləri Hacıqabul rayonunda vətəndaşların qəbulunu həyata keçirirlər.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top