"Son dövrlər özəlləşdirmə paylarının (çeklər) yenidən istifadə imkanları ilə bağlı çoxsaylı suallar alıram. Bildirmək istərdim ki, Azərbaycanda özəlləşdirmə çeklərinin istifadə müddəti başa çatıb". "Yeniavaz.com" xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib. Ekspert bildirib ki, çeklərin dövriyyəyə buraxılmasına 1996-cı il yanvarın 1-dən başlanılıb: "Vətəndaşlara 31,9 milyon özəlləşdirmə çeki paylanılıb. 1997-ci il yanvar ayının 1-dək anadan olmuş hər bir vətəndaşa 4 çekdən ibarət özəlləşdirmə payları verilib. Çeklərin tədavül müddəti bir neçə dəfə uzadılıb. Belə ki, müvafiq fərmanlar ilə 2002-ci il yanvarın 1-nə, 2004-cü il iyulun 1-nə, 2008-ci il yanvarın 1-nə kimi çeklərdən istifadə müddəti artırılmışdı. 23 dekabr 2009-cu il tarixində imzalanan fərmanla sonuncu dəfə çeklərin tədavül müddəti artılıb. Beləliklə, çeklərin istifadə müddəti 2011-ci il yanvar ayının 1-də başa çatıb. Amma məsələnin digər tərəfi var: dövriyyəyə buraxılmış çeklərin 20 faizi hələ də əllərdədir. Yəni, 6,38 milyon özəlləşdirmə çeki istifadə olunmayıb. Bunların əhəmiyyətli hissəsi şirkətlərdə, xüsusən də az saylı firmalarda olsa da əhalinin də sərəncamında müəyyən sayda çeklər var. Hətta çeklərin istifadə müddəti başa çatandan sonra da onların “qara bazar”da qeyri-leqal alış-satışı həyata keçirilirdi. Bəs, istifadəsiz qalan 6,38 milyon çekdən istifadə mümkündür? Qanunvericiliyə əsasən çeklərdən istifadə müddətinin artırılması üçün ayrıca fərmana ehtiyac var. Doğrudur, son dövrlər kiçik və orta özəlləşdirmənin yenidən sürətlənməsi müşahidə olunur. Bu isə, istifadə olunacağı halda çeklərə dolayı tələb yarada bilərdi. Təbii ki, 1996-cı ildə dövriyyəyə buraxılan özəlləşdirmə çeklərinin təhlükəsizlik elementlərinin həmin dövrün tələblərinə uyğun olması da problemin başqa tərəfidir. Bu onların saxtasının hazırlanması risklərini artırır. Bununla belə, özəlləşdirmə çeklərinin yenidən istifadəsinin mümkünlüyü ilə bağlı qanunverici bazaya baxılması mümkündür. Bu zaman çeklərin kiçik özəlləşdirmədə istifadə imkanlarına baxıla bilər. Amma bütün hallarda belə imkan olsa da belə bu saxta çeklərin dövriyyəyə daxil olmasına şərait yaratmamalıdır".