Evini satıb dollar alanlar... - "Bu risklərə getməyə dəyməz"

Dolların bahalaşacağı, yoxsa ucuzlaşacağı ilə bağlı fikirlər birmənalı deyil. Son vaxtlar dolların gah ucuzlaşması, gah da bahalaşması tərəddüdləri bir qədər də artırıb.

Heç şübhəsiz, dolların bahalaşıb ucuzlaşmasından qazanmaq istəyənlər də var. Bəlkə onların bəziləri bu istəklərinə nail olublar. Əlbəttə, bu hər adama nəsib olan bir şey deyil. Söhbət o adamlardan gedir ki, evində kifayət qədər artıq (ehtiyat) pulu var idi və onlar manatı dollara dəyişib sonradan yaranan məzənnə fərqindən qazana bilərdilər.

Necə deyərlər, bu iş kasıblar üçün deyil, kasıbın manatı olsa, özü xərcləyər...

Bütün hallarda bu çox risklidir.

Bu barədə bir neçə ay öncə Rusiyada yaşayan həmyerlilərimizdən birindən eşitmişdim. Dediyinə görə, iş yoldaşı Rusiyada dolların bahalaşacağını təxmin elədiyi üçün maşınını satıb və dollar alıb. Bir ilə yaxın vaxt keçib və rubl dollar qarşılığında kəskin ucuzlaşıb. Bu məqamda həmin şəxs dolları dəyişib və həm özünə, həm də oğluna maşın alıb. Bundan həvəslənən həmin şəxsin qardaşı da əlindəki ehtiyat pulla dollar alıb. Lakin bir müddət sonra dollar rubl qarşılığında ucuzlaşıb və həmin şəxs əməlli-başlı ziyana düşüb.

Bu yaxınlarda eşitdiyim bir hadisə də məni xeyli təəccübləndirdi. Deyilənə görə Gəncədə yaşayan bir şəxs Bakıya köçmək, daha doğrusu, buradan ev almaq istəyirmiş. Lakin almaq istədiyi evin qiyməti 70 min manat imiş. Həmin şəxsin Gəncədəki evinin satış qiyməti isə 50 min manat imiş.

İddiala görə həmin adam evini satıb və çevirib dollara. Gözləyib ki, dollar bahalaşacaq və sonra həmin pulu dəyişib 70 min manata Bakıdan ev alacaq. Lakin bu adamın "bəxtindən" dollar başlayıb ucuzlaşmağa. Dollar hər gün manat qarşılığında dəyər itirdikcə, bu adam arzularından daha da uzaq düşüb.

Deyilənə görə ev ala bilməyəcəyini görən həmin adam kirayə pulu verməmək üçün evini satdığı adamdan 2-3 ay vaxt istəyib. Yəni ümid edib ki, dollar kəskin bahalaşacaq və bu da istəyinə çatacaq. Ancaq görəndəki iş alınmır, xahiş-minnətlə pulu qaytarıb və evini geri alıb.

"Belə riskli işlərə qol qoyanlar çox deyil"

Bəs Bakıda da belə adamlar varmı? Daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan Şamo Mikayılov deyir ki, belə adamlar ola bilər, ancaq sayları o qədər də çox deyil: "Mən də eşitmişəm belələri haqqında. Ancaq onların sayı yox dərəcəsindədir. Bəlkə bunu o adam edər ki, yaşadığı ev var, ikinci evini satıb. Azərbaycanda dolların qiymətinin necə dəyişəcəyini heç kim bilmir. Ona görə belə riskli işlərə qol qoyanlar elə də çox deyil. Bəlkə də var, amma çox adama demirlər. Hər halda mənim fikrimcə, belələrinin sayı çox deyil. Bu çox təhlükəli və risklidir. Heç kimə bunu tövsiyə etməzdim".

"Ciddi itkilərdən də sığortalanmamısınız"

İqtisadçı ekspert Akif Nəsirli də mövzu ilə bağlı "Yeniavaz.com" saytının suallarını cavablandırdı: "İnsanlar maşın, daşınmaz əmlak və yaxud nə isə dəyərli bir şey satıb kursla qazanmaq istəyərkən mütləq ciddi proqnozlara malik olmalıdırlar. Bu isə sadə insanların imkanları daxilində deyil. İkinci bir tərəfdən Azərbaycanda mütəxəssislər də bu sahədə proqnoz verməkdə çətinlik çəkirlər. Çünki proses təbii deyil, bazarın tələb və təklifi altında, onların təsiri ilə nizamlanmır. Prosesi hökumət inzibati qaydada nizamlayır. Süni şəkildə idarə eləyir. Tutaq ki, dolların indiki məqamda ucuzlaşmasının heç bir iqtisadi əsası yoxdur. Konkret heç bir iqtisadi əsas yoxdur ki, Azərbaycanda dollar ucuzlaşsın. Əslində proseslər təbii məcra ilə getsəydi, o vətəndaş bəlkə də düzgün fikirləşmiş olardı. Bəlkə də onun xarici ölkədə, orada-burada yaşayanı, tanışı var və onlar yönəldib. Azərbaycanda bu gün risklərə getmək olmaz. Bu gün hökumət qərar verəcək ki, dollar 1.50 AZN olsun və yaxud 1 manat olsun, olacaq. Bazara mümkün qədər dollar çıxara biləcəklərsə, bunu edəcəklər. Ona görə də mən sadə vətəndaşlara üzümü tutub deyirəm - nə qədər ki, hökumətin iqtisadi siyasəti indiki məcrada gedir - bu risklərə getməyə dəyməz. Əksinə, əgər evinizi dəyişmək istəyirsinizsə, bunu qısa zamanda edin - satın və dərhal alın. Əks təqdirdə ola bilər ki, qazancınız olar, amma ciddi itkilərdən də sığortalanmamısınız. Mən hesab edirəm ki, ehtiyatı olan, daşınar və daşınmaz əmlakını dəyişmək istəyən insanlar Azərbaycanda dolların gələcəkdə bahalaşacağına əminliklə yanaşmasınlar. Bu həm də ümumi şəkildə zərərli tendensiyadır. Bir daha deyirəm, Azərbaycanda dolların ucuzlaşması inzibati yolla ucuzlaşmadır. Azərbaycan hökuməti dolların məzənnəsini bu səviyyədə saxlaya bilməyəcək. Ona görə ki, ehtiyatları kifayət qədər deyil. Amma zaman məsələsində dəqiq proqnoz vermək mümkün deyil. 2 ay da ola bilər, 10 gün də ola bilər, bir həftə də ola bilər. Bütün bu məqamları nəzərə alıb vətəndaşlara bu risklərdən çəkinməyi məsləhət görürük. Hökumətin indiki iqtisadi siyasətini nəzərə alıb proqnoz vermək mümkün deyil. Məsələn, mənim gözümün önündə rəqəmlər, təhlillər var, ancaq mən o proqnozu verə bilmirəm, sadə vətəndaş necə verə bilər?".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top