Bu sahə də inhisardadır: "Maaşlardan, təqaüdlərdən tutulan pullar hara gedir?"

Sovet dövründən qalan qurumlardan biri də, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasıdır (AHİK). Ancaq sovet dövrü ilə indikinin fərqi ondadır ki, həmin dövrdə bu qurum, işçilərin rahatlığı üçün bir sıra şərait yaradırdı. Yəni bülleten (xəstəlik kağızı) alınmasını, putyovkayalar verilməsini təşkil edirdi. Bəs indi işçinin maaşından tutulan 1 faiz (iş yerindən asılı olaraq 1 və ya 2 faiz) hara xərclənir, onu bir AHİK, bir də Allah bilir. Diqqətinizə çatdıraq ki, AHİK 1992-ci ildən hökumət və işəgötürənlər birlikləri ilə birgə Beynəlxalq Əmək Təşkilatında təmsil olunur. 1998-ci ildə I Qurultayı, 2003-cü ildə II Qurultayı, 2008-ci ildə III Qurultayı, 2013-cü ildə IV Qurultayı keçirilib.

"Tələbədirsə təqaüdündən, müəllimdirsə, maaşından üzvlük haqqı tuturlar"

Mövzu ilə bağlı "Yeniavaz.com"un sualını hüquqşünas Əkrəm Həsənov cavablandırdı: "Qeyd etmək istərdim ki, həmkarlar ittifaqları Azərbaycan Konstitusiyasının 58-ci maddəsinə görə, birlikdə birləşmək hüququna malikdir və bu könüllüdür. Qanunda yazılır ki, hər kəsin başqaları ilə birləşmək hüququ vardır. Həmin maddənin ikinci hissəsində deyilir ki, hər kəs siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququ var. Konstitusiyanın yenə 58-ci maddəsinin üçüncü hissəsində deyilir ki, heç kəs hər hansı birliyə daxil olmağa və onun üzvlüyündə qalmağa məcbur edilə bilməz. Bu gün isə, Azərbaycanda, xüsusən dövlət təşkilatlarında, ən əsası da təhsil müəssisələrində nəinki müəllimlərin maaşlarından, həmçinin tələbələrin təqaüdlərindən həmkarlar ittifaqına pul tutulur. Halbuki hər hansı birliyə üzv olmaq üçün həmin şəxslərin ərizəsi mövcud olmalıdır. Bu isə əksər hallarda yoxdur. Bu gün istənilən dövlət müəssisəsində, istənilən şəxsdən soruşun ki, həmkarlar ittifaqına üzvlük haqqında ərizə yazmısan? Xeyr, yazmayıblar! Onlar özləri işçiləri üzv ediblər. Onun - tələbədirsə təqaüdündən, müəllimdirsə maaşından üzvlük haqqı tuturlar. Bunun özü qanunsuzdur və cinayətdir. Cinayət Məcəlləsinin "mənimsəmə" haqqında olan maddəsinin pozuntusudur. Mən özüm tələbə olduğum vaxtı, yəni 1999-cu ildə tələbə şurasının sədri idim. Bir neçə ali məktəb rektorlarına ərizə yazmışdım ki, siz nə haqla tələbələrin təqaüdündən üzvlük haqqı tutursunuz? Biz axı heç birimiz üzvlük haqqında ərizə yazmamışıq? Mən əgər üzvlük haqqı verirəmsə, onun xeyrini də görməliyəm. O ildən 18 il ötüb, yenə düzələn heç nə yoxdur. Birincisi, həmkarlar ittifaqı məni müdafiə etməlidir: əmək haqqımın verilməsini, iş şəraitimin qaydasında olmasını və s. Eyni zamanda heç olmasa bir neçə ildən bir mənim istirahətə göndərilməyimi də təmin etməlidir. Axı mən ora pul ödəyirəm. Əslində bizdə necə olur - tutulan pulları hara xərcləyirlər onu heç kim bilmir, heç kimə də hesabat vermirlər. Üstəlik, il ərzində bir-iki nəfəri xaricə istirahətə göndərirlər. O adamlar da öz adamları olur. Onlar hər il istirahətə gedirlər. Onu da qeyd edim ki, bir müəssisədə bir neçə həmkarlar ittifaqı fəaliyyət göstərə bilər. Ancaq bizdə isə inhisarçılıqdır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası var, hamı ora üzv olmaldır. Halbuki mən ora daxil olmaya bilərəm. Qanuna görə, üç nəfər öz həmkarlar ittifaqını təsis edə bilər. Könüllülük olmadığı üçün, faktiki icbari olduğu üçün belə biabırçılıqlar yaranıb".

"Kapitalizm dövrüdür və bu təşkilatın həll edəcəyi məsəllər demək olar ki, yox səviyyəsindədir"

"Əmək Məcəlləsinin müvafiq maddələri ilə müəllimlərin əmək haqqından həmkarlar ittifaqları üçün müəyyən məbləğdə pul vəsaitlərinin tutulması mümkündür". Bu sözləri təhsil məsələləri üzrə ekspert Kamran Əsədov dedi. Onun sözlərinə görə, bu məbləğ ümumi əməkhaqqının 1 faizindən çoxunu təşkil edə bilməz: "Əlbəttə, sovetlər dönəmində bu təşkilatın fəaliyyəti daha qabarıq şəkildə büruzə verirdi. İndi isə formal xarakter daşıyır. Çünki indi kapitalizm dövrüdür və bu təşkilatın həll edəcəyi məsəllər demək olar ki, yox səviyyəsindədir. Onu da qeyd etmək istəyirəm ki, əgər müəllim bu həmkarlar təşkilatlarının üzvü deyilsə və istəmirsə, ödəməyə bilər. Yəni ödəmədən imtina edə bilər. Lakin bu ödəniş nəticəsində indi də ildə 1 dəfə müəyyən edilmiş qaydada və vaxtda işçilər müalicə və ya istirahət etmək üçün güzəştli şərtlərlə müəyyən olunmuş mərkəzlərə gedə bilərlər".

"AHİK müəllimlərin hansısa bölgədə ildə bir dəfə dincəlməyini təşkil etməlidir"

Digər təhsil eksperti Etibar Əliyevin mövzuya münasibəti isə belə oldu: "Əvvəllər müəllimlərin istirahəti üçün putyovka verilirdi. Ali məktəblərdə gənc mütəxəssislər və orta məktəbdə işləyən müəllimlər isə ev növbəsinə dayanırdılar, bir müddətdən sonra mənzillə təmin olunurdular. Çox təəssüflər olsun ki, müstəqillik dövründə bütün bunlar yığışdırıldı. Əslində müstəqillik dövründə daha genişlənməli idi imkanlar. Müəllim ilin 9 ayını işləyir, mütləq ona bir ay istirahət lazımdır. Müəllimlik işi indiki dövrdə çox çətindir. yeni nəsil uşaqlar əvvəlki uşaqlardan daha enerjilidir və sözə baxmırlar. Müxtəlif informasiya texnologiyası onların əlinin altında olur. Müəllim o vaxt tək müəllimlik edirdisə, indi eyni zamanda repetitorluq da edir. Gərgin işdir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası müəllimlərin ən azı hansısa bölgədə ildə bir dəfə dincəlməsini təşkil etməlidir. Sovet vaxtı bu mərkəzləşdirmiş şəkildə həyata keçirilirdisə, indi bu prosesi həyata keçirmək daha asan olar. Lakin bu məsələ ilə bağlı hələ ki, heç bir istək yoxdur. Müəllim yayda məzuniyyətə çıxanda ona verilən əməkhaqqı yetmir ki, gedib haradasa istirahət eləsin. Yəni məzuniyyət pulu onun haradasa istirahət etməsinə bəs etmir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası müəllimlər üçün, sosial qruplar üçün açıq deyil. Məktəb rəhbərliyi bunu tələb etməlidir, müraciət etməlidir. Mən bu sahədə təcrübəsi olan adam kimi, deyirəm ki, müraciətlərin də heç bir xeyri olmur. Çox az müəllim bundan bəlkə də nə vaxtsa yararlana bilsin, o da tanışlıqla ola bilər, yəni qeyd etdiyim kimi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası dəstək olmur".

Bu məsələ ilə bağlı bir neçə müəllimin də fikrini öyrəndik. (Adlarının yazılmasını istəmədilər). Dedilər ki, maaşlarından həmkarlara pul tutulduğunu, nə qədər tutulduğunu bilmirlər: "Biz bircə onu bilirik ki, həmkarlara pul tutulur. Ancaq bülletenlə bağlı müraciət etdikdə 300-500 manat arası pul tələb olunur". Çalışdıq ki, tutulan faizin hara xərcləndiyini qurumun özündən öyrənək. AHİK-in internet saytında yazılan əlaqə nömrəsinə zəng vurduq. Bir nəfər telefonu açıb sualımızı dinlədi. Sonra başqa nömrə verdi ki, bu sualı onlar cavablaya bilər. Verilən nömrə ilə əlaqə saxladıq, lakin əlaqə nömrəsi işləmirdi...

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top