İnquşetiyada Stalin qadağası

Rusiyanın İnquşetiya respublikasının parlamenti İosif Stalinin adının respublika ərazisində əbədiləşdirilməsinin qadağan edilməsi haqqında qanunu birinci oxunuşda qəbul edib. “Yeniavaz.com”un RBK-ya istinadən verdiyi məlumata görə, sənəddə İ. Stalinin abidələrinin ucaldılmasına, şəhər, kənd və küçələrin onun adı ilə adlandırılmasının, ictimai yerlərdə və inzibati məkanlarda diktatorun şəklinin asılmasının qadağan edilməsi yer alıb. Parlament deputatları bu qərarı yekdilliklə dəstəkləyiblər. Sənədin inquş xalqının deportasiya edilməsinin 73-cü ildönümü ərəfəsində qəbul edilməsi rəmzi xarakter daşıyır.

Xatırladaq ki, 23 fevral 1944-cü il tarixində təqribən yarım milyon inquş və çeçeninin Mərkəzi Asiyaya deportasiya edilməsi əməliyyatına başlanlıb. Deportasiya edilənlər vətənlərinə yalnız 1956-cı ildə qayıda biliblər. 2017-ci il fevralında Rusiyada keçirilmiş sorğuya əsasən rusiyalıların İ. Stalinə qarşı simpatiyası 46 faizə çatıb. Bu, 16 il ərzində ən yüksək göstəricidir.

DİGƏR XƏBƏRLƏR

Top