Qızları oğurlayan sabiq yol polisi məhkəmə zalında HƏBS EDİLDİ

Adam oğurluğunda təqsirləndirilən Baş Dövlət Yol Polisi İdarəsinin sabiq əməkdaşı Fərid Azayev, qardaşı Faiq Azayev, Vüsal Babayev və Sona Kərimovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Fərid Azayev 10 il 6 ay, Vüsal Babayev 9 il müddətinə azadlıqdan məhrum ediliblər. Faiq Azayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri ləğv edilib. O, məhkəmə zalında həbs olunub.

Sona Kərimova barəsində isə 2700 manatlıq cərimə cəzası kəsilib. Qeyd edək ki, 2014-cü il dekabrın 22-nə keçən gecə saat 03:00 radələrində Fərid Azayev bir qrup şəxslə iki qızı oğurlayaraq onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri ediblər. Fərid Azayevə və onun qardaşı Faiq Azayevə qarşı Cinayət Məcəlləsinin 144.2.1 (iki və ya daha çox adam barəsində törədilən adam oğurluğu), 144.2.3 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilən adam oğurluğu) və 150.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilən seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb.

Onu da bildirək ki, prosesdə hakimi eyni zamanda , Ağır Cinayətlərə Dair Məhkəmə sədrini təhqir ediblər.lent.az

DİGƏR XƏBƏRLƏR

Top