Azərbaycan Gürcüstana ən çox məhsul satan 2-ci ölkədir

Cari ilin yanvar ayı ərzındə Gürcüstandan Azərbaycana ixrac edilən malların ümumi dəyəri 9,34 milyon dollar olub. "Yeniavaz.com" Gürcüstan Dövlət Statistika Xidmətinə istinadən bildirir ki, ötən ilin eyni dövrünə nisbətən Azərbaycana ixrac edilən malların dəyəri 5 milyon 53 min dollar və ya 2,4 dəfə artıb. Qeyd edək ki, 2016-ci ilin ilk ayında Gürcüstanın ümumi ixracının 3,1%-i Azərbaycanın payına düşdüyü halda bu il bu göstərici 5,3%-ə yüksəlib. Onu da bildirək ki, Gürcüstanın ən çox məhsul satdığı ölkələrin sıralamasında Azərbaycandan əvvəldə Rusiya (ilk 1 ay ərzində 32,2 milyon dollar), Çin (17,8 milyon dollar), Türkiyə (15,9 milyon dollar) və Rumıniya (15,1 milyon dollar) gəlir.

Bu ilin ilk ayında Azərbaycandan Gürcüstana 64 milyon dollar dəyərində məhsul ixrac edilib. Bu rəqəm isə Gürcüstanın ümumi idxalının 13,5%-ni təşkil edir. 2016-cı ilin yanvar ayı ilə müqayisədə isə bu rəqəm 15,3 milyon dollar və ya 23,9% çoxdur. Azərbaycan Gürcüstanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında öz mövqeyini qoruya bilib - 2-ci sıra. İlk sırada isə ötən olduğu kimi yenə də Türkiyə qərarlaşıb - 70 milyon dollar.

Bundan başqa Gürcüstan son 1 ay ərzində Çindən 46,1 milyon dollar, Rusiyadan 39,9 milyon, Almaniyadan 27,6 milyon, Ukraynadan 22,8 milyon, Ermənistandan isə 18,1 milyon dollar dəyərində məhsul idxal edib. Qeyd edək ki, Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində Azərbaycanın payı 11,3% təşkil edib. Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşları ölkələri arasında 2-ci yeri tutur.

DİGƏR XƏBƏRLƏR

Top