"1000 manat ver, mükafat al" - Azərbaycanda

Dünyanın bir çox ölkələrində, eləcə də Azərbaycanda tez-tez mükafatlandırma mərasimləri keçirilir. Sənət adamları il ərzində gördükləri uğurlu layihələr, yaradıcılıq fəaliyyətlərinə görə qiymətləndirilir. Son olaraq isə dünya mətbuatının gündəmini “Qrammy-2017” mükafatlandırma mərasimi zəbt etdi. Dünyanın tanınmış xanım ulduzları geyimləri, əkizlərə hamilə olan Beyons rəqsi, Adel isə mükafatlarının sayına görə müzakirələrə səbəb olub.

Türkiyədə isə “GQ” jurnalı fevralın 15-də 2016-cı ildə uğurları və geyim tərzlərinə görə seçilən məşhurları mükafatlandırıb. 32 yaşlı aktrisa Beren Saat başda olmaqla tanınmış xanım müğənnilər dekolteli libası ilə gecəyə damğa vurublar.

Azərbaycanda da tez-tez mükafatlandrıma mərasimləri keçirilsə də, onlara qarşı fikir birmənalı deyil. Çünki sözügedən mükafatlar çox zaman ya tanışlıq, ya da pul qarşılığında verilir. Ölkənin tanınmış simalarının aldığı mükafatdan (heykəl, boşqab, çərçivə) əldə etmək istəyirsinizsə, min manatınızdan keçməlisiniz.

Bəs bu mükafatlandırmalar haqda mədəniyyət sahəsinin adamları nə düşünür?

Sənətşünas, “Kaspi” qəzetinin mədəniyyət yazarı Xəyalə Rəis musavat.com saytına açıqlamasında bildirib ki, Azərbaycanda təşkil edilən mükafatlandırmaları ciddi qəbul etmir:

“Hər ilin əvvəlində və sonuna yaxın bir neçə sənətçiləri, şou əhlini və eləcə də, mətbuat nümayəndələrini dəvət edib, onları mükafatlandırırlar. Əslində buna mükafat da demək olmaz. Balaca bir karton kağızına və ya kiçik bir heykələ ad yazdırıb təqdim edirlər və bu da olur mükafat. Belə baxanda həmin mükafatın qiyməti 15 manatdır. Onları görəndə gülməyim gəlir. Birincisi mükafat alanlar “Mükafatlandırma nəyə görə edilir?” deyə öncə düşünməlidir. Qalibi seçərkən hansı meyarlar nəzərdə tutulur? Bilən varmı? İnanın ki, bu sualım cavabını nə həmin təşkilatçıların özləri, nə də mükafat alanlar bilir. Misal üçün hər il “Number one” adlı mükafatlandırma keçirilir. Tural Ozan “Facebook” da dostluğumda olduğu üçün keçirdiyi tədbirlərdən xəbərdar oluram. Gördüyüm qədəri ilə bu tədbir hər il qeyd edilir. Ancaq hər il də eyni adamlara mükafat verir. Əslində onu da başa düşürəm. Hər şey dostluq zəminində qurulur. “Üz-üzdən utanır” misalı burada keçərlidir, məncə.... Bəzi mükafatlar isə ödənişlidir. Eşitmişəm ki, mükafat almaq üçün 1000 manat ödəməlisən. Açığı heç inanmıram ki, indi kimsə pul verib gedib mükafat alsın. O tip mükafatları o qədər də önəmli hesab etmirəm. Olur, bəzən müxtəlif şirkətlərdən zəng edib, mükafatlara layiq görüldüyümüzü deyirlər. Ancaq adı it dəftərində olmayan təşkilatların, qurumların verdiyi mükafatı lazımsız hesab edirəm.

Bəzən sözügedən mərasimlərdə dəyərli xalqı artistlərini görürəm, bu məni təəccübləndirir. İllərini incəsənətə həsr etmiş sənətkarı lüt heykəl, içi yazılı boşqab necə xoşbəxt edə bilər? Və ya onlara bu lazımdırmı? Ağlımda suallar çoxdur. Ümid edirəm ki, nə zamansa bizdə də sanballı və xalqın fikirləri ilə üst-üstə düşən mükafatlandırmalar keçiriləcək”.

Tez-tez mükafatandırma mərasimlərində gördüyümüz Faiq Ağayev isə tam fərqli düşünür. O, saytımıza açıqlamasında qeyd edib ki, sözügedən mərasimləri tənqid etmək lazım deyil:

“2017-ci il mənim üçün mükafatlarla başladı. Öncə “İlin kübar müğənnisi” seçildim. Sonra “Bomba Awards” tərəfindən “Sosial şəbəkələrdə ən aktiv musiqiçi” nominasiyasına layiq görüldüm. Müsabiqələr çox zaman tənqid olunur. Düşünürəm ki, tənqid edən şəxslər mükafat almayanlardır. Pişiyin əli ətə çatmayanda “iylənib” deyir. Mükafatlandırılanlardan hansı nominasiyaya layiq deyil? Elə danışaq “Bomba Awards”dan. Orada bir nəfər də nominasiyasına layiq olmayan şəxs yox idi. “Facebook”da mənə rəqib olacaq müğənni yoxdur, “İnstagram”da isə var. Mən hər izləyicimə reaksiya verirəm. Buna görə də “Sosial şəbəkələrdə ən aktiv musiqiçi” seçildim.
Mükafatlar əsasən insanların seçimi əsasında verilir. Burada qəbahət nə isə yoxdur. Tənqidləri yersiz hesab edirəm”.

DİGƏR XƏBƏRLƏR

Top