"Təsvir sənətimizin Mikayıl Abdullayevi olmaya bilərdi"

Mikayıl Abdullayev... Azərbaycan təsviri sənətində bu rəssamın özünəməxsus yeri var. Onun rənglər aləminə gətirdiyi mövzular öz rəngarəngliyi ilə həmişə seçilib. O, həyatı da, insanları da gördüyü və duyduğu kimi kətan üzərinə köçürərdi. Bu səbəbdən də onun bütün əsərlərində ifadəlilik hökm sürüb. Bunu bir kimsə dana bilməz. Hələ sovet dövründə müxtəlif adlara - SSRİ xalq rəssamı, SSRİ Dövlət və C.Nehru adına Beynəlxalq mükafatlar laureatı... layiq görülmüş (Yeri gəlmişkən, dövlət müstqəilliyimizi qazandıqdan sonra ümummilli lider Heydər Əliyev tərəfindən "İstiqlal" ordeninə layiq görülüb) bu rəssamın əsərləri dünyanın bir çox ölkələrində nümayiş olunub. Hətta Almaniyanın Berlin və Leypsiq şəhərlərində onun fərdi sərgisi də keçirilib.

Bakı metrosunun "Nizami" stansiyasının interyerinin tərtibatındakı gözəlliyi də bizlərə bəxş edən o olub. Bu məkan böyük Nizaminin "Xəmsə"sinin motivləri üzrə işlənmiş əsərlərin sərgisidir, desək yanılmarıq. Onu da qeyd edək ki, rəssamlarımız arasında Mikayıl Abdullayev kimi ikinci bir fırça ustası tapılmaz ki, öz yaradıcılığı ilə klassik və müasir Azərbaycan ədəbiyyatına onun qədər möhkəm bağlı olsun. Bu yazıda tanınmış rəssamın yaradıcılığına geniş yer vermək fikrimdə deyiləm. Məni bu yazını yazmağa alayı bir məsələ vadar etdi. Sən demə, Mikayıl Abdullayev rəssam olmaya da bilərmiş. Bu barədə məlumatı isə Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev bizimlə söhbətində məlumat verdi. Onun sözlərinə görə, Azərbaycan rəngkarlığı tarixində özünəməxsus iz buraxdığı şübhə doğurmayan Mikayıl Abdullayev əgər həkimlərin ümidinə qalsaydı, gərək rəssam olmayaydı: "Mikayıl müəllim yaşlı vaxtlarında özü bununla bağlı deyərdi: "Orta məktəbin 7-ci sinfindən Bakıdakı yeganə rəssamlıq məktəbinə daxil olmaq istədim. Ancaq həkimlərin verdikləri arayışda "ne qoden", yəni "yararsızdır" sözləri yazılmışdı. Çünki kiçik uyaşlarımda müəyyən bir hadisə ilə əlaqədar gözlərim tutulmuşdu. Odur ki, rəssamlıq məktəbinə daxil olmaq istədiyim vaxtlarda zəif görürdüm.

Arayışdakı xoşagəlməz kəlmədən çox pərt olub gözlərim dolmuş halda evə qayıtdım. İşin nə yerdə olduğunu bilən valideynlərim də dilxor oldular. Arayışı diqqətlə oxuyan böyük qardaşım isə əksinə, heç kefini də pozmadı. "Ne qoden" sözünü gülə-gülə bir neçə dəfə təkrar edən bu sarsılmaz "optimist" "ne" sözünü dahiyanə bir ustalıqla silib, kağızı mənə qaytararaq dedi: "Al görək, rəssam olmağa hazırlaşırsan, ancaq ən adi şeyin də öhdəsindən gələ bilmirsən. Apar sənədlərini təhvil ver". Qəbul imtahanlarından əla qiymət alıb rəssamlıq məktəbinə daxil oldum. Amma indiyə qədər də böyük qardaşımın bu qanunun əleyhinə, mənimsə gələcəyimin xeyrinə olan bu addımını unutmuram".

Ziyadxan müəllim daha sonra dedi: "Bəli, əgər qardaşı həmin düzəlişi etməsə idi, təsvir sənətimizin Mikayıl Abdullayevi olmaya bilərdi".

Qvami

DİGƏR XƏBƏRLƏR

Top