Deputatlarımız hansı mahnılara qulaq asırlar? - Sorğu

Adətən, mütəmadi olaraq millət vəkilləri ilə ölkədə və dünyada baş verən ictimai-siyasi məsələlərlə bağlı danışırıq. Bu dəfə isə parlament üzvləri arasında tam fərqli bir mövzuda sorğu keçirdik. Onlardan hansı mahnılara qulaq asdıqlarını soruşduq və çox maraqlı cavablar aldıq.

İlk müsahibimiz isə millət vəkili Aydın Mirzəzadə oldu. O qeyd etdi ki, daha çox Azərbaycan muğamlarına qulaq asır: "Əlbəttə, bəyəndiyim və vaxtaşırı müraciət etdiyim tanınmış müasir ifaçılarımız var. Eyni zamanda internetdə adı az tanınan bununla belə vaxtilə özünün məlahətli səsi ilə tanınmış ifaçılara qulaq asmağı xoşlayıram. Bizim həm indi, həm də əvvəllər populyar olan bəstəkar mahnılarını sevirəm. Xarici musiqilərdən artıq klassikaya çevrilmiş və könül oxşayan musiqilər tapmağı xoşlayıram. Film musiqilərini xoşlayıram. O insanda müəyyən bir assosiasiya yaradır. Eyni zamanda təbiət səslərini xoşlayıram. Məsələn, ara-sıra suyun şırıltısı, yağış yağması, yaxud hərəkət edən qatarın tıqqıltısının səsi, şəlalənin axımı, meşə sakitliyinin səsini əks etdirən səs yazıları var. Onları dinləyirəm. Yaxud körpə uşaqların səsinin yazıldığı, onların gülüşü, qığıltısı özü də mənim üçün bir musiqidir".

Digər parlament üzvü Adil Əliyev isə aprel savaşından sonra cəngi ruhlu mahnıları dinləyir: "Son zamanlar mən insanı yatızdıran musiqilərə qulaq asmıram. Ancaq cəngi ruhlu mahnıları dinləyirəm. Hər bir Azərbaycan gəncinə cəngi ruhlu musiqilər lazımdır. Aprel döyüşlərindən sonra hesab edirəm ki, gənclərimiz muğama yox, daha çox döyüş ruhunda olan musiqilərə qulaq asmalıdır".

Parlamentari Asim Mollazadə isə muğama və caza qulaq asır: "Xarici mahnılardan yenə caz janrında olanları dinləyirəm".

Deputat Elman Məmmədov deyir ki, həm evində, həm maşınında türk marşları var və vaxtaşırı onları dinləyir: "Yanımda dostlar, yoldaşlar olduqda onlara da məsləhət edirəm ki, dinləyin. İstərdim ki, Azərbaycan televiziyalarında, radiolarımızda vətənpərvərlik ruhunda, döyüşkən ruhda olan yaxşı marşlarımız səslənsin. Bundan başqa, "Heyratı”, "Cəngi” kimi rəqslərimiz var, Koroğlu və başqa xalq qəhrəmanlarımızla bağlı musiqilər səsləndirilsə, yaxşı olar. Mən çox qulaq asıram. Təbii ki, bir azərbaycanlı, qarabağlı kimi muğamlarımızı, xalq mahnılarımızı da sevirəm. Yaxşı bəstəkar mahnıları olanda çox həvəslə qulaq asıram".

Milli Məclisin üzvü Aqil Abbas isə muğama və Aşıq Ədalətə qulaq asdığını bildirib: "Həmçinin evimdə Aşıq Kamandarın səs yazıları var. Muğamı sevən bir qarabağlının, aşığa daha çox qulaq asmasına bəlkə də inanmazsınız. Yorğun və əsəbi olanda saza qulaq asıram. Aşıq Ədalətə, Aşıq Kamandara qulaq asıram. Alim Qasımovu da dinləyirəm. O qədər musiqiçilərimiz, gözəl sənət adamlarımız var ki, qulaq asılası. Deyim ki, konkret kiməsə qulaq asıram bu, düzgün deyil. Müslüm Maqomayevə qulaq asıram. Hərdən Vaqif Mustafazadəni də dinləyirəm".

"Röya Ayxan, Aygün Kazımova, Şəbnəm Tovuzlu kimi müğənnilərə qulaq asırsınızmi?” sualına gəlincə isə A. Abbas bunları deyib:

"Xətrinizə dəyərəm, mənim yaşıma fikir verin. Məni tanıyırsınız axı. İncəsənət adamıyam. Allah işlərini avand etsin. Onları sevənlər, qulaq asanlar var. Mən qulaq asmasam da, qulaq asanlar var. Məsələn, "Dilbərim” mahnısı var Nazpəri Dostəliyevanın, qulaq asanlar var, amma mən qulaq asmıram”.sherg.az

DİGƏR XƏBƏRLƏR

Top