"İlk təzyiqi onlara əlil deməklə göstərmiş oluruq"

Günümüzdə əsas problemlərdən biri də fiziki qüsurlu insanların cəmiyyət tərəfindən tamhüquqlu üzv kimi qəbul edilməməsi, onların təhsil almalarında çətinliyin olmasıdır. Ölkədə fiziki qüsurlu insanlar üçün məktəblər yaradılsa da, mərkəzdən uzaq yaşayan əlillər bir çox halda bundan yararana bilmirlər. Lakin hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Mövzu ilə bağlı "Yeniavaz.com"un sualını ekspertlər cavablandırdı.

"İcra Hakimiyətinin yerli nümayəndələri fiziki qüsurlu olanları siyahıya almalıdırlar"

"Bu məsələ ictimai fikir məsələsi deyil, Təhsil Nazirliyinin və ya əlillərin daxil olduğu nazirliklərin təşkilati işlərinə daxildir". Təhsil eksperti Əjdər Ağayevin sözlərinə görə, buna çox ciddi bir məsələ kimi yanaşılmalıdır: "Azərbaycan dövləti əlilliyindən, kimliyindən asılı olmayaraq, hər kəsin təhsil almasına şərait yaradır, bir şəkildə təhsilinə təminat verir. Normal fəaliyyətdə olan insanlar var və onların məktəbə gedib təhsil alma hüquqları olduğu kimi, əlillərin, fiziki qüsurlu insanların da təhsil almaqda hüquqları vardır. Bu təmin olunmalıdır. Hətta təhsil haqqında elm olan pedaqogika elmində də bunun adları var: xususi pedaqogika və ya xususi psixologiya deyilir. Yəni elmdə də təmsil olunur. Azərbaycanda İcra Hakimiyyətinin yerli nümayəndələri var. O yerli nümayəndələr fiziki qüsuru olanları siyahıya almalıdırlar, həmin siyahı üzrə bilinməlidir ki, hansı qəsəbədə, şəhərdə neçə nəfər əlil var. Sonra siyahı İcra Hakimiyyətinə təqdim olunmalıdır. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə, həmçinin əlaqədar nazirliklərə, o cümlədən Təhsil Nazirliyinə məlumat verilməlidir. Təhsil Nazirliyi, yerli təşkilatlar araşdırma aparmalıdır. Əgər say çoxdursa, həmin yerdə məktəb açmalıdır. Yox, əgər sayı bir-iki nəfərdirsə, o adamlar üçün respublikanın mərkəzində - Bakı şəhərində və ya rayonların mərkəzində xüsusi məktəblər yaradılmalıdır. Belə məktəblər var, həm də internat tipli məktəblərdir. Əlillər o məktəblərdə təhsil almalıdırlar. Yəni bu məsələ ilə əlaqəli təşkilatlar, nazirliklər məşğul olub işi təşkil etməlidirlər".

"İlk olaraq onlara əlil adı altında baxmamalıyıq"

Psixoloq Fərqanə Mehmanqızının isə sualımıza münasibəti belə oldu: "Biz cəmiyyət olaraq xüsusi qayğıya ehtiyacı olan insanlara xoş münasibət göstərməliyik. İlk olaraq onlara əlil adı altında baxmamalıyıq. Yəni onlara əlil deyə müraciət etməyimiz heç bir halda doğru deyil. İlk təzyiqi biz onlara əlil deməklə göstərmiş oluruq. Yaxşı olardı ki, biz onları cəmiyyətə xüsusi qayğıya ehtiyacı olan insanlar kimi təqdim edək. İlk olarq leksikonumuzdan "əlil" sözünü silməliyik. Biz onları düzgün yanaşıb, düzgün təqdim etdikdə, artıq onlara bir qayğı hissi var kimi hiss edərlər. Böyüklərdə də günah var. Öz övladlarına fiziki qüsurlu insanlara qayğı ilə yanaşmaq, onları sevməyi aşılamırlar. Uşaqlara hər bir qüsurlu insana normal baxmalı olduqlarını öyrətməlidirlər. Məsələn, məktəblərdə görməsi zəif olan uşaqlar optik eynəkdən istifadə edirsə, digər həmyaşıdları ona gülür, ona lağ edirlər. Bax bunu valideyn öyrətməlidir ki, siz də onların yerində ola bilərsiniz. Hər şeydən öncə biz özümüz - ahıl insanlar qayğıya ehtiyacı olan insanlara düzgün yanaşsalar, uşaqlar da bizlərə baxıb öyrənərlər".

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top