“Aprel şəhidi”nin həyat HEKAYƏTİ...

“ -…Ana bizim Yuxarı Əbdürrəhmanlı kəndindəki evimizin dəqiq yerini xatrlayırsan, ora necə getmək olar?

- Ay oğul, o kəndin yolunu neynirsən ki?

- Nə bilim vallah, ay ana, bəlkə yolum düşdü, getdim, dünyanın işini bilmək olmaz.

-Allah düşmənin evini yıxsın, ay bala, gör bir neçə ildir, həsrətik yurdumuza, evimizə-ocağımıza…

-Ana, fikir eləmə, bir də xəbər tutacaqsan ki, kəndimizi qaytarmışıq, ya mən ordakı evimizin qabağına bayraq sancacağam, ya da burdakı evimizin qabağına mənim üçün bayraq sancacaqlar…

-Bala, bəsdi-bəsdi… sən get-gedə ağlını itirirsən, bu nə sözdü danışdın… Ora bayrağı sanc, burada elə bayraq sancılmasını Allah heç kiməgöstərməsin…”.


Bu söhbət Səyyar Knyaz oğlu Quliyevin anası Şöhlə ilə son dialoqu oldu. Bu söhbətdən sonra, anasının üzündən öpüb ayrılımışdı. Yaxın qohum-əqrabanın, qardaş-bacılarının da evinə gedib, Bahar bayramı münasibəti ilə bayramlaşmış, hərəsinin könlünü bir cürə sevindirdmişdi. Səyyar qohumcanlı, ailəcanlı idi. Dostları da, doğmaları da bilirdilər ki, bu səxavətli oğlan bir tikəsini də tək yeməzdi. Və beləcə hamı ilə görüşüb getdi…


Səyyar gedən gündən Şöhlə ananın əlləri qoynunda qaldı. Qadın heç özünə yer tapa bilmirdi. Elə hey ürəyində fikirləşirdi ki, görəsən oğlu Əbdürrəhmanlıdakı evin yerini niyə belə soruşdu, o nə bayraq məsələsi idi… Sonbeşiyi ilə son danışıqları bir düyün kimi ürəyini deşirdi.
Aprelin 1-dən başlayaraq cəbhənin 30 kilometirliyində yerləşən Füzulinin Zobucuqdakı 4-cü köçkün qəsəbəsinin bütün həyətlərində qarşı tərəfdən açılan silah eşidilrdi. 2008-ci ildən hökumətin köçkünlərr üçün inşa etdiyi bu düşərgədə elə bir gün olmurdu ki, güllə səsinə yatıb, güllə səsinə oyanmayalar. Əvvəl elə bildilər ki, yenə həmişəki atışmalardandır, iki tərəf bir-biribnə güllə atıb, dayanacaq. 22 il bundan əvvəl imzalanan atşəkəsi pozurlar. Qəsəbənin böyüyündən kiçiyinə qədər hamı bilirdi ki, bu 22 ildə cəbhə bölgəsində elə müharibənin ilk günlərində olduğu qədər qurban vermişdilər. Düzdür, ermənilərin açdıqları atəşlərdən Azərbaycan tərəfin əsgərləri, dinc sakinləri həlak olmuşdusa, Azərbaycan əsgərləri də qisası qiyamətə qoymamışdılar. Bir ildən artıq idi ki, güllə səsləri lap tez-tez eşidilirdi.


Oğlu Səyyar da 2014-cü ildən gedib yenidən Milli Orduya yazıldıqdan sonra, Şöhlənin ürəyi heç açılmırdı. Müharibənin əvvəlindən nə qədər itki vermişdilər, qohum-əqrabadan, qonşularından nə qədər adam şəhid olmuşdu.


Bayram süfrələrinin şirniyyatı hələ yığışılmamışdı, bir-birinin evinə ziyarətə gəlib-gedən qonşulara hələ ki bayram süfrəsindən qalan şirniyyatla çay verilirdilər.
Həmin aprelin birinci günü Səyyar evlərinə ata-anasına telefon açıb hər birini arxayınlaşdırdı və bərk-bərk tapşırdı ki, “nəbadə evi-eşiyi atıb gedəsiniz. Biz irəli gedirik, biz qələbə çalacağıq. Ermənini öz yuvasına qədər qovacağıq”.

Səsi də elə gümrah gəlirdi ki…

-Özü bizə telefon acidı, -deyir,- atası Knyaz kişi. - Sevinirdi. Hamımıza tapşırdı ki, evdən-həyətdən çıxmayın, inşallah kəndimizə getməyimizə az qalıb. Dedim ki, bala, kənddən heç kim heç hara tərpənməyib. Hamı həyətində-bacasındadır. İnanın ki, elə də var idi. Buralarada bir qələbəlik vardı ki, bütün kənd, qəsəbə ayağa qalxıb, cavan- yaşlı hamı üzü o tərəfə gedirdi. Axırda insanların axınını görüb, hərbi post qoydular ki, icazəsiz keçib döyüş olan tərəfə keçməsinlər. O gecələr bir başqa aləm idi. Döyüşdə torpaq uğrunda itki olmalıdır, qurbanlar verməliyik, neynəyək ki, mənim balamın da yazısı bura qədər imiş, qismətdən artıq yemək olmur ki…


Səyyar 1986-cı ilin noyabr ayının 13-də sonradan hərbçi kimi qulluq etdiyi o qərargahda dünyaya gəlmişdi. Dünyanın salamat vaxtlarında orada mənim fermam var idi. Ferma müdiri idim. Ermənilər Füzulinin yarısını alandan sonra, bizim Ordumuz orada qərargah yaratdı.
Səyyarı ha çalışdım, başqa səmtə yönəldim, dedi ki, öldü var, döndü yoxdur, Orduda xidmət edəəcək. Mühafizəçi işini atıb keçdi Orduya. Qismətdənmi, taledənmi, gedib o doğulduğu yerdə nişangah qurdu, hərbi qulluğa başladı. Cavuş idi. Elə yaxşı xəbərləri də gəlirdi. Hamının hörmətini qazanmışdı. Biz də ki, bu hökumətin tikdiyi köçkün qəsəbəsində vallah can dərdi yaşayırıq, buranı yurd bilmirik, rayonun yarısı özümüzdə olsa da, o qoyub çıxdığımız yurd var e…. Yuxarı Əbdürrəhmanlı mənim üçün nə qədər əzizdirsə, o biri qaçqınlar üçün də o əsarətdə qoyub gəldikləri evləri, ocaqları, yurdları əzizdir. Biz buralarda özümüzü elə qonaq kimi hiss edirik. İnsan harada doğulursa, qanı-canı ora çəkir. Başqa milləti deyə bilmərəm, biz türklər, azərbaycanlılar harada olsaq da yurdumuza, ocağımıza dönmək istəyirik.


Füzuli rayonu 1993-cü ilin avqust ayının 23-də işğal olunmuşdu. İsti yay ömrünü yaşayıb getmişdi. Düzəngahlarda, dağlarda otlar şehlənmişdi. Təbiətin xoş vaxtı olsa da, tale onlarla pis oyun oynayırdı. Evini-eşiyini, isti yuvasını, ocağını bu yerlərdə düşmənə buraxıb gedən insanların gözündə -könlündə səhər şehi ilə yuyulan otlaqlar, çəmənliklər, bulaqlar , yovşanların ətri qaldı...


Knyaz kişinin 7 uşağı var idi. Qızları böyük idi, 4 oğlu sonradan dünyaya gəlmişdi. Müharibə başlayanda qızlarını köçürüb yerbəyer eləmişdi. Oğlanları isə hələ evlənmədiyindən, köçhaköç günlərində gözdən iraq qoymurdu. Yuxarı Əbdürrəhmanlı kəndinin də əlli-ayaqlı kişiləri, cavanları qadın-qoca və uşaqlarının əksəriyyətini təhlükəsiz ərazilərə gətirmişdilər. Knyaz kişinin qoyun ferması kəndin ətəyində olduğundan, kənd boşalanda o da ailəsi ilə birlikdə qoyun-quzusunu qabağına qatıb üzü Beyləqana tərəf gəldi. Təzə mənzilə yetişmələri də bir az çox çəkmişdi.

-Biz kəndimizdən ayrılanda mənim 10, Səyyarın 8, əkiz qardaşlarım Elşən və Mailin isə 16 yaşları var idi, - İlkin Quliyev deyir.
- Qardaşım Səyyar o ağır günləri dumanlı kimi xatırlayırdı. Onun yaddaşına yuxu kimi gəlirdi o günlər.Yadımdadır ki, anam ayaqyalın çıxmışdı. Bizi ətəyinin altında gizlədə-gizlədə gətirirdilər. Atam əllərimizdən tuturdu. Üzü payıza getdiyindən gah soyuq olurdu, gah üşüyürdük. Atam və anam özləri yemirdilər, əllərinə düşən çörəyi, yavanlığı biz dörd qardaşın arasında bölürdülər ki, ac qalmayaq. Sonradan bildik ki, Səbinə bacımın qaynı Əlzamin Məhəmmədov ov tüfəngi ilə onlara tankla hücum etmək istəyən ermənini vurub öldürüb, ermənilərin başını qatıb, beləliklə bacım və başqa gəlin-qızları aradan çıxarmaq mümkün olub. Əlndəki bir tüfənglə erməni ilə vuruşaraq, 7 nəfəri xilas edib, 8-ci adamı da qurtaranda özünü vurublar. Bu bir bəxt işi idi ki, həmin mühasirədən çıxa bilmişdilər.

Digər bacımın qaynı Siyavuş Səfərəliyev də kənddəki adamları erməninin əlindən xilas edəndə öldürülmüşdü. Digər yaxın qohumumuz Ələsgər Allahverdiyev Alişan oğlu 1993-cü ildə avqust ayının 23-ü kəndimiz boşalanda, ermənilərlə qəhrəmanlıqla vuruşaraq öldü. Füzuli uğrunda döyüşlərdə çox qohum-əqrabamız öldü. Eltəkin İsmayılovun 25 yaşı var idi. Xalq Təsərrüfatı İnstitutunu bitirmişdi. Həmin döyüşlərdə şəhid oldu. Şəmsiyyə adlı bir yadigar qızı qaldı. Zakir Neyman oğlu Xudiyev döyüşlər başlayandan gedib batalyona yazıldı. Tank batalyonunun komandiri idi, 1992-ci ildə sentyabrın 10-da şəhid oldu. Əmim oğlu Elxan Quliyev son nəfəsinə qədər kənddən çıxmadı, döyüşə-döyüşə şəhid oldu. Hər gün bir evdən şəhid xəbəri eşidirdik. Yadımdadır, xəlvətə çəkilən kimi anam ağlayırdı.

Biz əvvəlcə Beyləqana, sonra isə İmişlidəki mal yatağımıza gəldik. Əldə-ayaqda atamıza kömək edirdik. Oralarda da məktəb yox idi. Səyyar və mən düz üç il məktəbə gedə bilmədik.
Səyyar birinci sinfə, Füzulinin Bəhmənli kəndinə köçüb yaşayandan sonra, 9 yaşında getdi. Bizim uşaqlığımız olmadı. Bizim uşaqlığımızı müharibə yedi, ermənilər viran qoydu. Biz başqaları kimi lap köhnə belə olsa da, öz kəndimizin məktəbində oxumadıq. Bizim başımız çox bəlalar çəkdi. Hara getdiksə, güllə səsləri eşitdik. Bəzən o çadırda yaşadığımız qış gecələrində iki qardaş baş-başa verib, əsirlikdə qalan Əbdürrəhmanlı kəndimizdən danışardıq.
Səyyarın çox yadında qalmasa da, mənim yadımda idi bütün izlər, çığırlar, bulaqlar, dağlar, dərələr. Deyirdi ki, görəsən o yerlərə qayıda biləcəyikmi? Bir dəfə də demişdi ki, əgər qaytarmasalar, mən böyüyəndə gedib o yerləri özüm alacağam ki, anam bir də ağlamasın.
Anam çox zülmlər çəkdi. Biz qışda-yayda çadırlarda böyüdük, atam palçıqdan, qarğıdan, qamışdan ev tikdi, divar hördü. Səyyat məktəbi qurtarandan sonra, 2006-cı ildə hərbi xidmətə yollandı, qayıdıb gələndən sonra Füzuli rayonunun hərbi mühafizə polisində işə düzəldi. Ancaq heç sakit olmurdu qardaşım. Elə hey deyirdi ki, gərək orduya yazılsın. 2014-cü ilin yayında atamdan xəbərsiz gedib Orduya yazıldı. Özü də ərizə yazmışdı ki, ön cəbhədə qulluq etmək istəyir.


29 yaşı var idi. Hamı deyirdi evlən, cavabı belə olurdu ki, “mən hərbiçiyəm, qoy Vətənimizi xilas edim, sonra evlənəcəm”. Ancaq ki, bizdən böyük bacım xəstə yatırdı, ağırlaşmışdı. O Səyyarın toyunu görsün deyə, evləndirdik . Qonşu qəsəbədəki Təranəni görüb bəyənmişdi. Onlara gözəl bir toy çaldırdıq. Elə sevinirdik ki, qardaş toyu gözəl olur. Uçmağa qanadımız yox idi. Onu evləndirəndən üç ay sonra da bacım rəhmətə getdi...
Mən Səyyarla həm qardaş,həm də dost idim. Sözümüz, sirrimiz, sevincimiz, məsləhətimiz bir idi. Aprelin 1-də təmas xəttindəki hadisələri eşidib, ona zəng vurdum.Aprelin 3-nə kimi neçə dəfə danışdım. Hər dəfə deyirdim ki, qardaş ehtiyatlı ol. Özü pülemyotçu idi. Sərrast atıcı idi. Tutduğu nişan boşa getmirdi. Telefonda mənimlə danışanda dedi ki, narahat olma, hər şey normaldır. Aprel ayının 1-dən sonra, boğazımdan su da keçmədi.
Mürgü vura bilmirdim. Divanda oturub ürəyimdə var-gəl edirdim. Birdən bir anlığa gördüm ki, qardaşım bayrağa bükülü tabutda məzara qoyulur... Diksindim. Bilirəm ki, yatmamışdım. Huş məni aparmışdı. Özümə yer tapa bilmirdim. Ancaq Səyyarın yoxluğu xəbərini yaxın belə qoymurdum. Mən heç vaxt onu ölü kimi təsəvvür edə bilməzdim. Səyyar çox həyatsevər, nikbin bir insan idi. Evə gəldimi otaqlar gülüşlə, səs-küylə, sevinclə dolardı. Hamıya sevinc paylayırdı, gülüş bəxş edirdi. Yenə ümidimi üzməmişdim, fikirləşirdim ki, Allah qoruyar. O qədər elə çətin sınaqlardan çıxmışdı ki...
Aprelin 3-ü axşamüstü mənə xəbər edib dedilər ki, qardaşın yaralanıb gəl... Durub Bakıdan Füzuliyə yola düşdüm. Gecə saat 3-də atamgilin həyətinə çatanda gördüm ki, tabut həyətin ortasındadır, dədəm də heykəl kimi donub tabutun başı üzərində. Atam heç nə hiss eləmirdi. Bir tərəfdə qardaşımın tabutu qoyulmuşdu, bir tərəfdə də dədəmiz sanki daşa dönmüşdü... Dədəmi heç vaxt belə görməmişdim. Sonra həkimlər müdaxilə edib, kişini özünə gətirdilər.
Aprelin 4-ü qardaşımı dəfn edəndə, kişi özündə təpər tapıb, dəfndə iştirak edə bildi. 5 ayın içərisində atam və anam düz iki övladını məzara qoyurdu. Böyük dərd idi. Qardaşım düşmən tərəfin atdığı mərmidən həlak olmuşdu. Həmin yerdə istehkam qurub durublarmış, bunlar orada təzə idilər. Ermənilər isə 22 il idi ki, həmin yerləri oymaq-oymaq tanıyırdılar. Bunların təxmini istiqamətlərini müəyyən edib, mərmi atmışdılar, mərmidən 4 nəfər birlikdə şəhid olmuşdu.


İndi fikirləşəndə baxıb görürəm ki, qardaşım həmin o Lələ təpə uğrunda döyüşlərdə o biri qəhrəmanlar kimi şəhid oldu. Onları qanı hesabına nə qədər torpaq alındı, ordumuz xeyli üstünlük əldə edib. İndi Cocuq Mərcanlıda abadlıq işləri başlayıb. Bunların hamısı aprel şəhidlrinin və qazilərinin hesabına olub. Ürəyim fərəhlə dolur. Şəhidliyindən 15 gün sonra , yuxuma gəldi. Gördüm ki, əlində bir dəstə ağ çiçək var. Çiçəkləri ondan istəyirəm, deyir ki, yox, qızıma verəcəyəm, onun üçün toplamışam.
Ötən il sentyabrın 4-də bazar günü qardaşımın ölümündən 4 ay sonra qızı Zeynəb dünyaya gədli. Gözlərinin rəngini elə bil ki, Səyyardan alıb.


Səyyar Vətənə, torpağa bağlı oğul idi. Onu həlak olduğu ərazidən çıxaran hərbçi dostları dedilər ki, qardaşım Səyyarı götürəndə baxıblar ki, ovcunun içərisində torpaq var. Canını verməzdən əvvəl Vətən torpağını ovcuna alıb. Nə bilim, bəlkə son dəfə qələbənin sevincini belə yaşayıb...

İndi ailəmizdə hamının bir qayğısı var ki, Səyyarın qızı Zeynəbi adına layiq böyüdək. Dövlətimiz də qardaşım şəhid olandan sonra gənc ailəsinə Horadizdə iki otaqlı mənzil verdi. Həyat yoldaşı Təranəni bağçada işlə təmin etdilər. Yaşayaq, görək axırımız nə olacaq... Ancaq qardaşımın və aprel döyüşündə, Qarabağ uğrunda həlak olan hər kəsin qisasını qiyamətə qoymaq olmaz. Bəli, Səyyarsız çox çətindir mənim üçün, gözüm qalıb telefonun ekranında, elə bilirəm ki, zəng edəcək, elə bir gün olmurdu ki, bir-birimizlə hal-əhval tutmayaq. Onun zəngini gözləyirəm... hər an gözləyirəm... Heç nə, heç kim Səyyarı əvəz edə bilmir... Ondan yaxşı qardaş yox idi.modern.az

DİGƏR XƏBƏRLƏR

Top