İnsanların nəbzini yol polisi yoxladı, yoxsa jurnalistlər? - Avto-kreslo qalmaqalı

Hər şey Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov açıqlaması ilə başladı. Ən çox da nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynovla hansısa mövzuda "üz-üzə" gəlmək istəməz. Təxminən 1 ay öncə bir mövzunu araşdırarkən bunu anladım. Amma bu dəfə Vaqif müəllim Ərşad müəllimlə üz-üzə gələsi oldu və birincinin "12 yaşa kimi olan uşaqlar avtomobildə gedən zaman xüsusi oturacaqlarda oturmalıdır" deməsini ikinci qanunların dili ilə təkzib etdi.

Vaqif Əsədovun məlum açıqlamasından sonra sürücülərin çoxu uşaqlar üçün avto-kreslo axtarışına başlamışdılar, satış yeri, qiymətlərlə maraqlanırdılar - hər kəs də narazı idi.

Nəhayət, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev deyilənləri təkzib edəndən sonra ara sakitləşdi.

Bir çoxları bu fikirdədir ki, Vaqif Əsədov belə bir fikir səsləndirməyib, jurnalistlər özləri məsələni bilərəkdən şişirib. Əgər elə idisə, Vaqif Əsədov açıqlama verib "adından yazılanları" niyə təkzib etmədi?

Yox əgər, Vaqif Əsədov bunu demişdisə, onda Kamran Əliyev bunu niyə təkzib elədi? Heç nə olmamış kimi söhbət niyə bağlandı? Qəribədir. İddialar var ki, bununla yol polisi insanların nəbzini yoxlayırdı, heç nə olmamış kimi yanaşılsaydı, cərimə tətbiq oluna bilərdi. Nə qədər realdır, bunu demək bir qədər çətindir.

"Məqsəd uşaqların həyatı deyil, pul yığmaqdır"

Mövzu gündəmə gələndə sosial şəbəkələrdə əməlli-başlı müzakirələr getdi. "DYP "kreslo" məsələsi ilə açıqlamasına hər əlavələrlə özünü məncə, ictimaiyyət qarşısında daha da gözdən salır, nəinki nüfuza mindirir. İndi bəyan edib ki, beynəlxalq 3 ekspert Bakıda monitorinq aparıblar və onların tövsiyyələri nəticəsində belə bir qərar verilib. Çox yaxşı: bəs o beynəlxalq monitorinqin 3 üzvü gözlərinü açıb niyə görməyiblər ki, Bakıda və regionlarda AA seriyalı, AS seriyalı, PA seriyalı avtomobillərin və N qədər SAYILAN nömrəli maşınların nə sürücüləri, nə sərnişinləri ümumiyyətlə kəmər nədir bilmirlər... Və DYP onlardan bəzilərini nəinki buna görə saxlayır, hətta ÇEST verir...

Əvvəlcə belə xırda-mırda şeylərdən başlamaq lazımdır, yoxsa mən dediyimdə qalıram: burada məqsəd uşaqların həyatı deyil, pul yığmaqdır". Öz sahəsinə uyğun olmasa da ekspert İlham Şabanın bu fikirləri çoxlarının diqqətini çəkdi.

"Xahiş edirəm, hər adamın danışdığını ciddi qəbul etməyəsiniz"

"Uşaq üçün xüsusi oturacaq söhbətini gecə yuxusunu qarışdıranın biri ortalığa atdı. Biz də dərhal münasibət bildirdik ki, belə bir yenilik yoxdur. Məncə, söhbət bitməliydi axı". Bunu nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib.

"3 gündür ki, media imkan vermir rahat oturaq. Bir daha vurğulayıram ki, qanunvericilikdə bu mövzuda heç bir yenilik yoxdur, yaxın gələcəkdə də gözlənilmir",-deyə qeyd edən ekspert bildirib ki, hazırkı vəziyyət belədir:

"Birincisi, yalnız minik avtomobilində qabaq sərnişin yerində 12 yaşadək uşağı xüsusi oturacaq olmadan tək və ya böyük adamın qucağında aparmağa görə sürücü 60 manat cərimə olunur və ona 3 cərimə balı tətbiq edilir. Bu, sovet dövründən belədir (sadəcə cərimə məbləği dəyişib).

İkincisi, minik avtomobilinin arxa oturacaqlarında uşaqların xüsusi oturacaqda daşınması məcburi deyil. Deməli, xüsusi oturacaq olmadan arxa oturacaqda tək uşaq aparmağa, yaxud böyüklərin qucağında uşaq aparmağa görə heç kəs məsuliyyətə cəlb edilə bilməz.

Üçüncüsü, nə avtomobilində, nə də avtobusda (o cümlədən mikroavtobusda) yaşından asılı olmayaraq uşağın xüsusi oturacaqda daşınması məcburi deyil. Özü də istər yük avtomobilinin və mikroavtobusun qabaqdakı oturacaqları olsun, istərsə də salondakı fərq etmir.

Dördüncüsü, minik avtomobilinə dair 1-ci bənddə yazdığım tələb eynən taksilərə də aiddir, çünki bütün taksilər minik avtomobilləridir".

Ekspert bildirib ki, bu söhbəti kim başqa cür yozmağa çalışırsa, onun qanundan xəbəri yoxdur: "Xahiş edirəm, hər adamın danışdığını ciddi qəbul etməyəsiniz. Hər şeyin cavabı qanundadır, qanundan kənar danışılanlar nağıldır. Əcnəbi mütəxəssislərin ağzından eşitdikləri sözdən təəccüblənib təşvişə düşən və qanundan xəbərsiz olaraq "əməli fəaliyyətə" başlayanlara isə tövsiyə edirəm ki, qanunları və həmin qanunlara dair kitabları oxuyun. Bunlar sizin çörək ağacınızdır. Məsələn, uşaqların avtomobillərdə daşınması ilə bağlı bizim qanunvericilikdə problemlərin olduğunu və onların necə aradan qaldırıla bildiyini bir neçə il əvvəl dərc etdirdiyim kitabda ətraflı yazmışam. Hərdən onları da vərəqləyin".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top