"Azəriqaz"dan əhaliyə verilən qazla bağlı yeni AÇIQLAMA

"Hələ indiyədək SOCAR bir dəfə də açıqlama verməyib qaz problemi ilə bağlı. Bəs mətbuat xidməti nədən ötrüdür? Bəlkə əsaslı səbəb var? İzah etsələr əhali də anlayışla qarşılayar". Bu fikirləri hüquqşünas Sahib Məmmədov sosial şəbəkədə paylaşıb.

"Bir neçə gün əvvəl bizim ünvan üçün yazmışdılar ki, təmir olacaq, qaz olmayacaq. Amma əksinə oldu, qazı kəsmədilər! Yəqin görüntü xatirinə belə elanlar yayırlar. Əslində heç bir təmir yoxdur". Bu fikirləri isə paytaxt sakini vətəndaş Emin Nəbili bildirib.

"Az qala bütün Bakı qazsız qalıb". Bu başlığı gecə saatlarında oxudum və bir daha əmin oldum ki, bizdə bəzi məmurlar sanki xalqın əsəbləri, heysiyyatı ilə oynayırlar. Nə çətin işdir ki, bu "Azəriqaz"ın özündən razı və təkkəbbürlü rəhbəri Əkbər Hacıyev və əməkdaşları üçün ki, ETSN-nin rəhbəri nazir Hüseynqulu Bağırovun tabeçiliyində olan Milli Hidrometeorologiya Departamenti ilə işlərini əlaqələndirsinlər və bayırdakı havaya uyğun olaraq işlərini planlaşdırsınlar? Mən istəmirəm sizi təhqir edəm, amma onu bilirəm ki... Vallah, yazıqdır bu xalq. Onsuz da problem və qayğılardan bu insanlar boğulur. Heç olmasa siz belə düşünülməmiş hərəkətlərinizlə qıcıq yaratmayın. Belə havada heç normal otaqlarda oturmaq mümkün deyil". Ehtiyyatda olan polkovnik Üzeyir Cəfərov belə deyir.

"Əgər tələbat bundan da artıq olacaqsa, yenə də artırılacaq"

Artıq iki gündür həm sosial şəbəkələrdə, həm də vətəndaşlar arasında mənzillərə verilən qazın zəifləməsi ilə bağlı fikirlər səsləndirilir, müzakirələr aparılır. Binəqədi rayonunun 7-ci mikrorayon ərazisində, Nərimanov rayonunun bəzi ərazilərində, Yasamal rayonunun Rahib Tağıyev, Dadaş Bünyadzadə küçələrində qazın zəif təzyiqlə verilməsi ilə bağlı da redaksiyamıza müraciətlər daxil olub. Bəs "Azəriqaz"da bu barədə nə düşünürlər? Hansı tədbirlər görülür? Bununla bağlı "Yeniavaz.com" saytının suallarını SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev cavablandırdı.

İbrahim müəllimin açıqlamasını olduğu kimi təqdim edirik: "Bakıda bəzi ərazilərdə qazın zəif təzyiqlə verilməsilə bağlı məsələ artıq öz həllini tapıb. Bildiyiniz kimi, planlı təmir işlərinin görülməsi nəzərdə tutulmuşdu, hava şəraiti ilə əlaqədar təxirə salındı. Tələbat nəzərə alınaraq təbii qazın təzyiqi artırıldı. Əgər tələbat bundan da artıq olacaqsa, yenə də artırılacaq.

Respublikanın heç bir yerində, o cümlədən Bakı şəhərində təbii qazın verilişində hər hansı bir çatışmamazlıq yoxdur. Qəza halları istisna olmaqla... "Azəriqaz" İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin işçi heyəti lazım olan avadanlıqlarla, maşın mexanizmləri ilə tam təchiz ediliblər və hər hansı bir yerdə qəza baş verərsə, dərhal aradan qaldıracaqlar".

"Maraqlansanız görəcəksiniz ki, problem yoxdur"

İbrahim Kərbəlayevin dediyinə görə, faktiki olaraq hər hansı problem yoxdur, tələbata uyğun olaraq təbii qazın verilişi təmin edilir: "Havanın belə şaxtalı, qarlı keçdiyi bir dönəmdə təbii qaza olan tələbat artıb. "Azəriqaz" İstehsalat Birliyi istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki-təhlükəsizlik qaydalarına ciddi riayət etmələrini xahiş edir".

Yasamal rayonunun Rahib Tağıyev, Dadaş Bünyadzadə küçələrində qazın zəif təzyiqlə verilməsi ilə bağlı sualımıza gəlincə, "Azəriqaz" rəsmisi artıq həmin ərazilərdə problemin həll olunduğunu bildirdi: "Həmin ərazilərdə də problem artıq öz həllini tapıb, qazın təzyiqi artırılıb, maraqlansanız görəcəksiniz ki, heç bir problem yoxdur".

İbrahim müəllimlə danışıb qurtarandan sonra sözügedən küçələrdə yaşayanlardan bəziləri ilə yenidən əlaqə saxladıq. Lakin onlar problemin həll edilmədiyini, qazın təzyiqinin artmadığını bildirdilər.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top