Heydər Əliyevin şəklindən plyonka düzəldib maşına vurdular - FOTO

Bakıda avtomobilinə plyonka vuran sürücü qeyri-adi hərəkətlə yol polisinin cəriməsindən kənarda qalmağa çalışır. Bunu əks etdirən fotonu oxuculardan biri göndərib. Oxucu bildirir ki, foto fevralın 10-da, saat 15.58 radələrində Nizami rayonu, Qara Qarayev prospektində çəkilib. «Subaru» markalı avtomobilin hər iki arxa yan şüşələrində tünd qara plyonka var. Plyonkada isə ulu öndə Heydər Əliyevin rəsmi əks olunur. Oxucu bildirir ki, sürücü bu yolla yol polisinin cəriməsindən yayınmağa nail olur.

Qeyd edək ki, bir müddət əvvəl deputat Elmira Axundova Milli Məclisin iclasında məsələ qaldıraraq bildirmişdi ki, bəzi avtomobil sürücüləri ulu öndərin imzasını maşının müxtəlif yerlərinə yapışdırırlar. Bununla onlar ya yol polisinin nəzərindən yayınmağa çalışırlar, ya da ulu öndərə ehtiram göstərirlər. Lakin deputat bildirib ki, hər iki halda ulu öndərin imzasından harada və necə gəldi istifadə etmək düzgün deyil. Bunun ardınca Baş Dövlət Yol Polisi İdarəsi də açıqlama verərək bəyan etdi ki, belə hallara yol verən sürücülər cərimə olunacaq.Avtosfer.az

DİGƏR XƏBƏRLƏR

Top