Bu gün ABŞ miqrantlarsız qalacaq

Fevralın 16-da ABŞ-da “Miqrantlarsız bir gün” etiraz aksiyası keçiriləcək. “Yeniavaz.com”un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, aksiya çərçivəsində ölkənin müxtəlif şəhərlərində ABŞ-dan kənarda anadan olanlar işə çıxmayacaq, mağazalara getməcəyəcək, uşaqlarını məktəblərə göndərməyəcəklər. Aksiyanın məqsədi amerikalılara və ilk növbədə ABŞ prezidenti Donald Trampa miqrantların ölkə həyatında iştirakını, onların ölkə iqtisadiyyatına verdikləri töhfələrin əhəmiyyətini göstərməkdir. Sosial şəbəkələr və messencerlərlə edilən bu çağırışlar tez bir zamanda geniş vüsət alıb. ABŞ-da ölkədən kənarda anadan olmuş 40 milyondan çox insan yaşayır və onlar Amerikaya yaxşı iş tapmaq və ya yaxşı həyat ümidi ilə gəliblər, hərçənd onların hamısının müvafiq icazələri yoxdur. “Pew Research” təşkilatının araşdırmasına görə, 2012-ci ildə qida hazırlığı və ziyatətçilərə qulluqla bağlı işlərə müvafiq icazəsi olmayan təxminən 1,2 milyon miqrant cəlb edilib.

Qeyd edək ki, D. Tramp yanvarın 27-də miqrasiya siyasətinin sərtləşdirilməsinə dair bir neçə sənəd imzalamışdı. Onlardan biri İran, İraq, Yəmən, Liviya, Suriya, Somali, Sudandan olan qaçqınların ABŞ-da yerləşdirilməsi proqramının 120 gün müddətinə dayandırılmasını nəzərdə tutur. D. Tramp, həmçinin İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ölkə ərazisinə buraxılmamasına dair fərman imzalayıb. Bundan sonra Sietl federal məhkəməsi ABŞ administrasiyasına D. Trampın imzaladığı miqrasiya məhduyyətləri haqqında fərmanın icrasını qismən dayandırmaq tapşırığı verib. Fevralın 5-də isə ABŞ-ın Apellyasiya məhkəməsi ölkənin Ədliyyə Nazirliyinin D.Trampın miqrasiya fərmanının dayandırılması haqqında məhkəmə qərarının ləğv edilməsi haqqında sorğusunu geri çevirib. Bundan başqa D. Tramp Meksika ilə sərhəddə divarın tikilməsi tapşırığını verib.

DİGƏR XƏBƏRLƏR

Top