Öz dərmanımız, öz qiymətimiz...

"Azərbaycanda böyük sosial əhəmiyyət kəsb edən dərman vasitələri bazarının tənzimlənməsinə 2015-ci ilin ortalarından başlanılıb və bu proses intensiv şəkildə davam etdirilib. İndiyədək müxtəlif doza və qablaşdırma miqdarı nəzərə alınmaqla dövlət qeydiyyatına alınmış 10 min 166 dərman vasitəsinin qiyməti aydın və şəffaf mexanizmlə təsdiq edilib. Dərman vasitələrinin qiymətinin tənzimlənməsi zamanı Avropa ölkələri də daxil olmaqla 20-yə yaxın ölkənin təcrübəsi öyrənilib və beynəlxalq təcrübədə ən geniş yayılan mütərəqqi tənzimləmə üsulundan istifadə olunub". Bu barədə "Yeniavaz.com" saytına İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, manatın məzənnəsində baş verən dəyişikliklərə baxmayaraq, qiymət tənzimlənməsi nəticəsində dərman vasitələrinin çox hissəsinin qiymətləri tənzimləmədən əvvəlki qiymətlərdən yenə də əhəmiyyətli dərəcədə aşağıdır: "Qiymət intizamına ictimai nəzarət tam təmin edilib. Belə ki, hər bir dərman vasitəsinin ƏDV daxil olmaqla təsdiq edilmiş pərakəndə satış qiyməti qablaşdırıldığı qutunun üzərində göstərilir. Eyni zamanda, dərman vasitələrinin topdan və pərakəndə satış qiymətləri ticarət adı, təsiredici maddənin adı və dozası, farmasevtik forması, ticarət qablaşdırılması, qablaşdırmanın miqdarı, istehsalçı ölkə və şirkət göstərilməklə təsdiq edilib və vahid siyahı şəklində Tarif (qiymət) Şurasının, İqtisadiyyat və Səhiyyə nazirliklərinin internet səhifələrində yerləşdirilib. İstehlakçılar həmin cədvəli mobil telefonlara və planşetlərə yükləməklə elektron kitabça kimi istifadə edə bilərlər. Eyni zamanda, İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzi (195-2) vasitəsilə də müvafiq məlumat almaq mümkündür".

O da bildirilib ki, görülən işlər əczaçılıq sahəsində yerli istehsalın inkişafına və icbari tibbi sığorta sisteminin tətbiqinə öz töhfəsini verməkdədir: "Artıq Azərbaycanda əczaçılıq sənayesinin yaradılmasına başlanılıb. Pirallahı Sənaye Parkında İran və Rusiya ilə birgə iki dərman zavodunun təməli qoyulub. Bu zavodlar ölkəmizin əczaçılıq sənayesinin inkişafında və məşğulluğun təmin olunmasında əhəmiyyətli rol oynamaqla, yerli istehsal hesabına əhalini keyfiyyətli dərman məhsulları ilə təmin edəcək, bu sahədə idxaldan asılılığı azaldacaq və ixrac potensialını artıracaqdır. Bundan başqa, hazırda ölkəmizdə əczaçılıq sənayesinə maraq göstərən bir sıra aparıcı şirkətlərlə də danışıqlar aparılır".

DİGƏR XƏBƏRLƏR

Top